“Tanrı Böyükdür!”

Bu yaxınlarda ateistlərin keçirdikləri bir konfransın xəbərini aldıq. Konfransda ictimaiyyətə reklam etdikləri kitab Christopher Hitchens’in “God is not Great” adlı kitabının Azərbaycan dilinə “Tanrı Böyük Deyildir” adı altında edilmiş tərcüməsi idi. Hitchens’in yazdığı bu kitab Allahın Böyük olmadığını isbat etmək iddiasındadır və Hitchens buna, əsasən dinlərə və dindarlara hücum çəkmək, onların inandıqlarına rişxənd etmək, müqəddəs dəyərlərini məsxərəyə qoymaq yolu ilə nail olmaq istəyir.

Hitchensin “məntiqi”

Hər şeydən öncə kitabın ümumi olaraq ideyası kökündən xətalıdır, çünki insanların Allahın adı ilə törətdikləri cinayətləri göstərərək Allahın Böyüklüyünü şübhə altına almaq intellektual bir tənqid ola bilməz. Əgər biz Einstein kimi bir fizikin dahiliyi ilə bəzi insanların kütləvi qırğın silahı yaratmaq üçün onun ixtira etdiyi elmi kəşflərdən sui-istifadə etməkləri arasında ayırım etməsək elmin özündə də bir böyüklüyünün olmadığını və texnologiyanın hər bir şeyi zəhərlədiyini rahatlıqla deyə bilərik. Necə də olmasa Hitchens bu cür arqument gətirərək Allahın böyüklüyünü inkar edir və dinlərin hər bir şeyi zəhərlədiyini iddia edir. Hitchens’in burada işə saldığı “məntiqi” əsas alsaq deyə bilərik ki, iyirminci əsrdə mövcud olmuş Stalin, Mao, Pol Pot kimi ateist diktatorların öldürdükləri insan sayı eyni şəkildə ateizmin özü üçün problem ortaya çıxarır.


Bəli, bir kimsə burada etiraz edib deyə bilər: – “Axı bu insanlar etdikləri cinayətləri ateizmin adı ilə etmirdilər.” Bu etirazla tanışıq, amma unutmayaq ki, bütün cinayətlərin hamısını ateizmin adı ilə etməsələr də bir hissəsini məhz dinə olan nifrətlərinə görə edirdilər. Dindarları, din xadimlərini güllələməklərini bunun ayağına yaza bilərik. Qəribə deyil ki, Hitchens ictimai kanal üçün hazırladığı “Heaven on Earth” (Yer üzündə Cənnət) adlı sənədli filmində deyir: “Lenin’in ən böyük nəaliyyətlərindən biri də – mənim rəyimə görə – dinsiz Rusiya yaratmaq olub.” Hitchens kimi jurnalistə Leninin bunu hansı qanlı yollarla etdiyi gizli olmamalıdır.

“Heyranı olanlar tərəfindən araşdırılıan Rəbbin əsərləri böyükdür”

Əlavə edək ki, Allahın Böyüklüyünü elə elmin özü göstərir. Cambridge Universitetindəki qədim Cavendish Laborotoriyasının ağır taxta qapısının üstündə bu sözlər nəqş olunub: “Magna opera Domini exquisite in omnes voluntates eius”. “Heyranı olanlar tərəfindən araşdırılıan Rəbbin əsərləri böyükdür” mənasına gələn bu sözlər 1870-ci ildə laboratoriya tikilərkən elektromaqnitik sahə teoriyasını kəşf etmiş məşhur fizik James Clerk Maxwell’in xahişi ilə ora həkk olunmuşdu. Buna baxmayaraq Hitchens kitabında yazır: “Teleskop və mikroskop sayəsində din artıq heç bir şey üçün izahat irəli sürə bilmir.

Bir-birini inkar etməyən iki izah


Bu sözün absurdluğunu John Lennox belə bir müqayisə ilə nümayiş etdirir. Hitchens’in bu cümləsindəki fikir, mikroskop ilə Rembrandt kimi rəssamın əsərlərindəki rənglərin tərkibini öyrənməklə Rembrandt’ın varlığını inkar etməyə bənzəyir. Ateistlərin – çox təəssüf ki – anlaya bilmədikləri nüanslardan biri də budur ki, bir hadisənin bir-birini inkar etməyən iki izahı ola bilər. Ford maşınının hərəkət etməsini daxili yanma mühərriki ilə izah etmək mümkün olduğu kimi Henry Ford’un zəkası ilə də izah etmək mümkündür. Qəfədandakı suyun qaynamağını su molekullarının alovdan aldığı enerji nəticəsində xaotik və sürətlənmiş hərəkəti ilə izah etmək mümkün olduğu kimi sadəcə olaraq bir şəxsin çay içmək istəməsi ilə də izah etmək mümkündür.

Necə və nə üçün?

Fizika müəllimimiz Mats’ın əlindən topu buraxaraq sinifdəkilərə “top nə üçün düşdü?” sualını verdiyini xatırlayıram, o zaman bir azərbaycanlı kimi zarafatımdan geri qalmayıb “əlinizdən saldığınız üçün” cavabını verdiyimdə sinifdəki isveçliləri güldürə bilmişdim. Amma verdiyim cavab doğru idi, eyni şəkildə də topun – Newton’un fizikasına görə – cazibə qüvvəsinin təsiri ilə aşağı düşməsi də doğru bir izah ola bilər. Bu iki izah bir-birini inkar etmir, əksinə bu izahlar bir-birilərini tamamlayırlar. Bu izahlardan biri prosesin “necə” baş verdiyini, digəri isə “nə üçün” baş verdiyini izah edir. Bəşəriyyətin araşdırma alətlərinin zənginləşməsi ilə, kəşflərinin çoxalması ilə Allahın Böyüklüyünün kiçildiyini iddia etmək, mexanizm ilə intellektual iradəni bir-biri ilə qarışdırmaqdır. İsaac Newton cazibə qüvvəsini kəşf etdikdə – “mən artıq kainatın necə çalışdığını bilirəm, ona görə də Allaha ehtiyacım yoxdur” – demədi. Əksinə, bunun necə baş verdiyini görməsi Allahın böyüklüyünə heyran olmasına gətirib çıxarmışdı. Teleskop bizə səmadakı ulduzların gözəlliyini göstərə bilər, amma o ulduzları səmadan asan təbiət elmləri olmayıb.

Bir sözlə Christopher Hitchens’in kitabının oxuculara təqdim etdiyi cılız hekayənin qarşısında çox möhtəşəm alternativ bir hekayə mövcuddur. Böyük Allahın izni ilə biz o hekayəni azərbaycanlı oxuculara çatdıracağıq. Bunu ya onun iddialarına cavab vermiş filosofların əsərlərindən birini dilimizə tərcümə etməklə, ya da öz sözlərimizlə bu filosofların cavablarını bir araya yığıb yeni bir kitab ərsəyə gətirməklə etməyi düşünürük.