F. Scott Fitzgerald’ın “The Great Gatsby” kitabı gəlib keçmiş ən böyük romanlardan biri hesab edilir. Lakin müəllifin sağlığında kitab bir o qədər də məşhurluq qazana bilməmişdi və Fitzgerald bu dünyaya vəda edərkən kitabın bir iflas olduğuna inanırdı. Ancaq kitaba maraq İkinci Dünya müharibəsi ərəfəsində artdı və tezliklə ali tədris ocaqlarında dərs proqramına daxil edildi.
Romanda Daisy adlı aristokratik bir qızı sevən Jay Gatsby onu ərindən ayırmaq üçün öz kasıb keçmişini düzəltməyə çalışır. Böyük bir sərvət toplaya bilmiş Gatsby bu məqsədi üçün sevdiyi qızın əri ilə, Tom Buchanan ilə üzləşir. Fitzgerald kitabında bu iki xarakteri bir hotel otağında verbal müharibəyə çıxarır. Bu səhnəni ekranda canlandıran rejissor Baz Luhrmann kitabda keçməyən bəzi nüanslar əlavə edir; Buchanan öz rəqibinin çirkli işlərini ifşa etməyə başlayır, onu qıcıqlandırmağa çalışır. Buna cavab olaraq Gatsby ona deyir: “Səndə ehtirama layiq olan yeganə şey mal-dövlətindir. Ondan məndə də olduğunu nəzərə alsaq ikimiz də eyni səviyyədəyik.”
Bu cavabla qane olmayan Buchanan ona aradakı fərqi başa salmağa başlayır. İkisi arasındakı fərqin hər şeydən əvvəl onların qanında olduğunu, Gatsby’nın aşağı statuslu ailədən gəldiyini xatırladır; Buchanan aristokrat idi, nəcib və imkanlı, sosial statusu yüksək olan bir ailədən çıxmışdı, o, mavi qana sahib idi. Fitzgerald kitabında onun ağ irqin qürurlu nümayəndəsi kimi göstərir. Bunu provokasiyalı şəkildə, təhqir edici üslubda çatdıran “xan balası” atası kasıb olan Gatsby’ni özündən çıxarmağı bacarır.
Ətrafı dağıdan qəzəb, aqressiya və ovucunu eşəcək dərəcədə sıxılmış bir yumruq bir daha otaqdakılara Gatsby’nin statusunu göstərirdi; o, ali cəmiyyətin üzvləri kimi özünü idarə etməyi bacaran Gatsby deyildi, o, çətinliklər içində böyümüş, hər bir nailiyyət üçün dişinə qədər mübarizə vermiş provinsial Gatsby idi. Buchanan istədiyinə nail olmuşdu və o, çox gözəl bilirdi ki, Daisy kimi sosialite Gatsby’nin temperamentinə, kimliyinə razı olmayacaqdı.
İslamı təhqir edən milliyyətçilər
Bu səhnə mənə Avropada küçələrə çıxıb Quranı və İslam peyğəmbərini təhqir edən milliyyətçiləri xatırladır. Bu irqçilər müsəlmanların aqressiv, zorakı olduğunu sübut etməkdən ötrü onları ən pis şəkildə provokasiya etməyə çalışırlar. Çox gözəl bilirlər ki, işsizlikdən və sosial rahatsızlıqdan əziyyət çəkən gənclik bu provokasiyaya aqressiv şəkildə cavab verəcək. Onsuz da postmodernist dəyərlərlə yaşayan Avropa cəmiyyətlərində elə bir müqəddəs şey qalmayıb ki, ona görə qəzəblənmək, aqressiv davranmaq anlayışla qarşılaşsın. Bəlkə də bəzi şeyləri istisna edə bilərik. Nümayişlərdə küçələri dağıdan antiqlobalistlər də eyni Avropa millətlərinin içindən çıxırlar və ümumilikdə müsəlman deyillər. İnsaf sahibləri anlayırlar ki, müsəlmanlara qarşı təşkil edilən bu tədbirlər onlara mənəvi işgəncə verməyi nəzərdə tutur.
Doğrudur ki, bir isveçlinin və ya norveçlinin üzünə onun anasını, bacısını söysən aqressiya nümayiş etdirməyəcək; bu, anasını və bacısını sevməmək anlamına gəlmir, lakin ana və bacının o cəmiyyətdə şərəf və namus kimi bir müqəddəslik statusunu itirdiyini göstərir. Gilbert Chesterton’a belə bir söz nisbət olunur: “Tolerantlıq heç bir şeyə inanmayanların, heç bir əmin etiqadı olmayanların ərdəmidir.”
Avropa etiqadi əminliyini itirib, ona görə də hələ də etiqadını, inanclarını, müqəddəsatını qorumağa çalışan müsəlmanları anlaya bilməz.
Burada əslində mədəniyyət baxımından yoxsulluq göstərən tərəf aqressiv davranan müsəlmanlar deyildir, mədəniyyətsizlik göstərənlər müsəlmanların dinini və müqəddəsatını təhqir edən, alçaldan, müsəlmanlara mənəvi işgəncə verən, onları provokasiya edənlərdir.
Onların “mədəniyyət” iddiası tək bir Quran ayəsinin işığında sönüb gedir:
“Bütpərəstlərin Allahdan başqalarına tapındıqlarını söyməyin, yoxsa onlar da elmsiz olaraq düşməncəsinə Allahı söyərlər.”
əl-Ənam, 108
Cavab yaz