Ateizm Versus Din

Burada üzərində düşünülməsi vacib olan bəzi nöqtələri qeyd edəcəm və o nöqtələrdə ateizm ilə dinin təlimlərini müqayisə edəcəm, daha dəqiq desək öz prinsiplərinə sadiq qalan ateizmdən doğan təsəvvürlər ilə dindən qaynaqlanan təsəvvürlər arasında bir tutuşdurma edəcəm.

HƏYATIN MƏNASI

Günümüzün ən uca səsli ateistlərinin açdıqları müharibənin qurbanlarından biri də “niyə?” sualıdır. Kainatın, ümumiyyətlə həyatın nə məqsədlə mövcud olduğunu soruşmağı doğru görməyən ateistlər ümumiyyətlə “məqsədlə” bağlı sualları sevmirlər. Krauss ilə Lennox arasındakı radio-şoudakı müzakirənin ilk toqquşma nöqtələrindən biri bu idi. Ateistlərə görə mövcudiyyətin bir məqsədi yoxdur, bizim varlığımızın hər hansı bir mənası yoxdur. Həyat mənasızdır, sadəcə quru fiziki proseslərin əks olunduğu bir səhnədir, heç səhnə də deyildir, sadəcə olaraq təsadüfən ortaya çıxmış müşahidəçilər tərəfindən izlənilən bir mənzərədir.

Din isə “məqsəd” sualına çox böyük əhəmiyyət verir. Dinə görə kainatın, beləliklə də həyatın xüsusi bir mənası vardır. Həyat mənasız deyildir. Mövcudiyyət yaradılışla başlayır və yaradılışın məqsədi vardır. Həmin məqsəd Yaradıcı Allahın muradıdır.
Nəticə budur ki, ateizm həyatı mənadan məhrum etdiyi halda din həyata məna qatır, ona görə də azca dindarlığı olan insan həyatında məna axtarır. Həqiqi ateistlər isə həyatlarında məna axtarmırlar və ümumiyyətlə məna axtarmağı boş vaxt itkisi hesab edirlər.

BƏŞƏRİN DƏYƏRİ

Ateist dünya görüşünə görə insan övladı, eləcə də digər canlılar məqsədsiz, şüursuz fiziki proseslər nəticəsində ortaya çıxmış yan məhsullardır. Sanki laboratoriyada baş vermiş bir partlayış nəticəsində əmələ gəlmiş köpüklü süngər kimidir. Bu təsəvvürə əsasən heç bir insanın fiziki varlıq olaraq xüsusi bir dəyəri yoxdur, hamam böcəyi ilə insan arasındakı dəyər fərqi onların ölçülərindən qaynaqlanan kimyəvi elementlərin miqdarındakı fərqdir. Həyat baxımından bir insanı xilas etmək üçün hamam böcəyini öldürmək doğru deyildir, eləcə də bir hamam böcəyini xilas etmək üçün insanı öldürməkdə ciddi bir problem olmamalıdır. Hər ikisi də canlıdır, hər ikisi də eyni prosesin nəticəsində ortaya çıxmış yan məhsuldur. Üstəlik kainat o qədər böyükdür ki, bizim o böyüklüyün içində əhəmiyyətimiz heç zərrəyə belə dəymir. Carl Sagan’ın dili ilə desək

”Biz, insanların sayından çox qalaktikası olan kainatın hansısa unudulmuş bir küncünə dürtülmüş bir qalaktikada mənasız ulduzların arasında itmiş bir planetdə yaşayırıq.”

Carl Sagan

Ateistin dünyaya baxışı budur. Bəşər övladının mövcudiyyətinin xüsusi bir dəyəri yoxdur.

Din isə bəşər övladına xüsusi bir rol tanıyır. İnsan Tanrının muradı ilə Yer üzündə xəlifə edilib, bütün canlılardan üstün yaradılıb. Onun bir missiyası vardır və çox dəyərli varlıqdır. Din bir şeyin dəyərinin onun ölçülərinə görə ölçülməyəcəyini deyir. Bir şey böyük olduğu üçün daha dəyərli olmaz, ona görə də insanların nəhəng kainatın içində zərrədən də kiçik olmaqları onların dəyərsizliyini göstərməz. Kainatın böyüklüyü insanın Yaradıcısının böyüklüyünə işarədir. İnsan şüuru ilə, yaddaşı ilə, emosiyaları ilə, qəhrəmanlıqları ilə, sevgisi, mərdliyi, comərdliyi ilə nəhəng cansız planetlərdən və ulduzlardan dəyərlidir.

Bir ateist dünya görüşünə görə Yer üzünü dağıdacaq bir silahın düyməsi əlimdə olarsa onu basmaqla kainatda ciddi bir itkiyə səbəb olmayacam. Özüm də daxil olmaqla kainatdan xüsusi bir dəyəri olmayan və yoxluqları heç hiss olunmayan varlıqları mövcudiyyətdən silmiş olacam. Dini dünya görüşünə görə isə belə bir addım kainatı onun ən dəyərli parçasından məhrum etməkdir, kainatı praktiki olaraq mənasız hala gətirməkdir.

İNTİHAR VƏ ÖLÜM PROBLEMİ

Ateist dünya görüşündə həyatda qoyduğun məqsədlərə nail ola bilməmisənsə, nə iş karyerası, nə də gözəl bir ailə qura bilməmisənsə, tamamilə uğursuzluqla üzləşmisənsə o zaman intihar etməyində heç bir problem yoxdur, bəlkə də şərtlərindən asılı olaraq insanın verəcəyi ən doğru qərar hesab olunmalıdır. Cəmiyyətə fayda verə bilmirsənsə nə üçün yük olmalısan, ondansa yaxşısı özünü öldürməyindir. Eyni şəkildə heç kimsəsi olmayan, insanların vergisi hesabı ilə xəstə yatağında yatan xəstələrə nə üçün pul xərcləməliyik ki?! Ateist dünya görüşünə görə ən doğru addım həmin qocanı iztirabından qurtarmaq, beləliklə də cəmiyyəti yükündən azad etməkdir. Ona görə də qarnında daşıdığı uşağı dawn sindromlu olduğunu bildiyi halda abort etməyən anası Richard Dawkins “mənəviyyatsızlıqda” ittiham edir. Ümumiyyətlə onun kimi ateistin nəyin moral, nəyin qeyri-moral olduğunu söyləməsi özü ironiyadır. Amma onun verdiyi cavab tamamilə quru hesab üzərində qurulmuş bir cavabdır, ateist dünya görüşünün məhsuludur.

Dinin baxışı isə tamamilə fərqlidir. İntihara münasibət çox neqativdir. İnsanların uğursuzluq üzündən özlərini öldürməsi bağışlanılmaz hal kimi dəyərləndirilir. Cəmiyyətə yük olan şikəstləri, xəstələri öldürməyi də qınayır, çünki onların insan kimi ölçülməz, biçilməz dəyərə sahib olduqlarını deyir.

Ona görə də Aleksandr Soljeniçin gözəl vurğulayır:

“Əgər bizim xalqın 60 milyon insanını udmuş dağıdıcı İnqilabın ən əsas səbəbini qısa şəkildə ifadə etməyimi məndən istəsələr bundan daha dəqiq ifadə edə bilmərəm: “İnsanlar Allahı unudublar, buna görə də bunların hamısı baş verdi…”

Aleksandr Soljeniçin

MƏNƏVİ MÜHAKİMƏ

Ateist dünya görüşünə görə mənəviyyat tamamilə subyektivdir, hər bir fərddən kənarda onun üçün mənəvi olaraq nəyin doğru, nəyin xəta olduğunu diktə edəcək bir həqiqət yoxdur, bir mənəvi avtoritet yoxdur. Ona görə də bu gün çirkin qarşıladığımız bir çox əməllər ateist dünya görüşündə tamamilə normal qarşılanması gərəkən əməllərdir. Misal üçün bacı ilə qardaşın, ana ilə oğulun, ata ilə qızın cinsi əlaqələrini ateist dünya görüşünə görə qadağan etməyin bir əsası yoxdur. İki nəfər bir-birini sevirsə ateistlərə görə bunu qadağan edəcək bir səbəb olmamalıdır. İnsanla heyvan bir-birini sevirsə bir-biriləri ilə cinsi əlaqəyə girə bilərlər, svinqer həyatı sürmək, fahişəlik etmək tamamilə normal hallar ola bilər və bunları mənəvi olaraq mühakimə etmək haqqı heç kimdə yoxdur.

“Əxlaqlı” və “Əxlaqsız”

Dinin buna baxışı isə məlumdur və din insanlar arasındakı münasibəti “əxlaqsız” və “əxlaqlı” olaraq iki hissəyə ayırır. Ona görə də dindar cəmiyyətlərdə bu münasibətlərə məhdudiyyətlər qoyulur. Ateizmin güclü olduğu cəmiyyətlərdə isə bu münasibətlərdə sərbəstliklər vardır. Misal üçün İsveçin Norrköping şəhərində ölkənin ən böyük svinqer klubu fəaliyyət göstərir və bu klubu işlədənlərin məqsədi bu cür cinsəl münasibətləri cəmiyyətdə normallaşdırmaqdır. İronik hal isə budur ki, klubun adını “Adəm və Həvva” qoyublar.

Ateizmin bu baxımdan gətirdiyi nəticələr cəmiyyətlər üçün çox təhlükəlidir. Mənəvi böhran insanlardan insanlığı alaraq onları heyvan dərəcəsinə qədər gətirib çıxarır. İnsanı heyvandan ayıran bəzi xüsusiyyətlər yox edilir; həya, qeyrət anlayışları tamamilə mənasız, əksinə zərərli anlayışlara çevrilirlər. İngilis mütəfəkkir, filosof və siyasi aktivist John Locke (1632-1704) liberalizmin atası kimi tanınır, o, cəmiyyətdə plüralizmin, ictimai tolerantlığın tərəfdarı kimi çıxış edirdi. Bütün fikirlərə qarşı dözümlülük göstərməyə çağırırdı, yalnız bir fikri bundan istisna edirdi: ateizmi. Çünki ona görə ateizm cəmiyyəti bir-biri ilə bağlayıb sıx saxlayan parçanı məhv edir və mənəvi dəyərləri yox edir. Belə bir cəmiyyət fəlakətlərlə üzləşməyə məhkumdur.