Ukraynalı sivil vətəndaşların çarəsizcə küçələrdə dualar etdiyi görüntülər qarşıma çıxdı. Sosioloji cəhətdən bu müharibədə bir çox diqqətəlayiq nüans mövcuddur. İlk olaraq qeyd etmək lazımdır ki, hazırda eyni dinin eyni məzhəbinə, eyni kilsəsinə aid olan iki dövlətin müharibəsinə şahidlik edirik. Digərləri çox danışıldığı üçün qeyd edilməyən nüansa diqqət çəkmək istəyirəm.
Tarixdə səyahətə çıxsaq, bu tip hadisələrin çox olduğunu görərik. Məsələn, 16-cı əsrdə katolik fransızlar müqəddəs Roma İmperatoru Katolik V Karla qarşı müharibə etmiş, üstəlik də bu zaman müsəlman olan Osmanlı ilə dəfələrə ittiffaq etmişdilər. Yaddaqalan digər bir örnək isə xaç yürüşləri ilə bağlıdır. Xaçlı yürüşlərinin dördüncüsündə qərbli xristianlar xristian Bizansı yağmalamış, dövlətə böyük ziyan vurmuşdular.
Nəyinki ən sekulyar dövr olan 21-ci əsrdə, hətta dinlərin hakim olduğu dövrlərdə eyni dinə, hətta eyni məzhəbə mənsub siyasi güc mərkəzlərinin özləri ilə eyni dini görüşlərini paylaşan topluluqlara qarşı başqa din mənsubları ilə etdikləri ittifaqları, bir birilərinə qarşı etdikləri müharibələri və s. kimi tarixi hadisələri qeyd edən dinlər tarixçisi William T. Cavanaugh bu tip misallarla dinlərin müharibələrin əsas sabəbləri olması mifini “The Myth of Religious Violence” kitabında əsaslı bir şəkildə tənqid edir.
Müəllif müxtəlif tarixi hadisələri analiz edərək belə nəticəyə gəlir ki, din səbəbli olaraq bilinən müharibələrin belə böyük əksəriyyətinin əsl səbəbi – hazırkı müharibədə olduğu kimi – sosial, siyasi və iqtisadi səbəblərdir.
P.S.
Dinlərin müharibələrin səbəbləri olub-olmaması məsələsi ilə əlaqəli gələcəkdə daha geniş yazılarımız olacaqdır.
Cavab yaz