Xatırlayıram ki, məşhur ateist Richard Dawkins əl-Cəzirə kanalında yayınlanan Head to Head proqramının aparıcısı Mehdi Həsən’in intellektini sual altına almaq üçün ona belə bir sual vermişdi:
“Sən həqiqətən də sənin müsəlman inancında Muhəmmədin ayı ikiyə ayırdığına, Muhəmmədin qanadlı atda səmaya uçduğuna inanırsanmı? Sənin buna inanmadığını güman edərək sənə kompliment etmək istəyirəm.”
Richard publikaya işləyərək müsəlman aparıcının ağlına istehza etməyə çalışırdı. Richard’ın dünyasında buna inanmamaq ağıllı, intellektual olmaqdan irəli gəlir, buna inanmaq isə geri zəkalılıqdan qaynaqlanır. Çox təəssüf ki, belə bir retorik zamanımızın müsəlman gəncləri üzərində çox güclü təsirə malikdir. Bu gün biz özünü İslama nisbət edən, hətta gündəlik ibadətlərini yerinə yetirən o qədər gənc görə bilirik ki, bu cür möcüzələri inkar edirlər. Onların qulaqlarda bu, xurafat kimi səslənir, çünki buna bənzər şeyləri axı biz nağıllarda oxuyuruq.
Bununla bağlı bəzi düşüncələrimi sizinlə bölüşmək istəyirəm. Müasir elm ilə maraqlananlar mütləq kvant fizikası haqqında bir şey eşitmiş olmalıdırlar. Kvant fizikasındakı nəzəriyyələri oxuduqda onlar insana xeyli absurd görsənir, insanın instinktiv olaraq həqiqət kimi qəbul etdiyi çox şeyə tamamilə tərs düşür. Bəzi misallar verərək bunu nümayiş etdirmək istəyirəm.
“Quantum state” nədir?
Elmin ən müasir, ən son dayanacağı sayılan bu kvant fizikasında “quantum state” deyilən bir qavram mövcuddur. Onu da qeyd edək ki, fizikanın bu sahəsinin ilk formalaşdığı dövrdən bəri “quantum” fizikası haqqında bir neçə yanaşma, bir neçə şərh mövcud olub. Lakin ən məşhur yanaşma əsasını danimarkalı fizik Niels Bohr’un qoyduğu Kopenhagen məzhəbinə, Kopenhagen məktəbinə aiddir. Bu izaha əsasən bütün fiziki hissəciklər müşahidə olunmadığı, ölçülmədiyi müddətdə, yəni real həyatda, insanların və şüurun təsir etmədiyi dünyada “quantum” vəziyyətindədirlər. Bu nə deməkdir? Bu nə anlama gəlir? Bu o deməkdir ki, hər bir hissəcik ingilis dilində “wave function”, yəni “dalğa funksiyasının” tələbi olaraq eyni zamanda birdən çox yerdə mövcuddur. Yəni hər hansı bir hissəcik vahid müəyyən bir yerdə mövcud deyildir, biz onun harada olduğunu heç zaman bilə bilmərik. Çünki həmin hissəcik bir yerdə yox, birdən çox yerdə mövcuddur.
Dalğa funksiyası:
Dalğa funksiyası sadəcə olaraq bizə onun hansı yerlərdə olmasının daha möhtəməl olduğunu bildirir. Yəni bir yerdə olması digər yerlərdən daha möhtəməldir. Yenə bu klassik izaha görə insan və yaxud da kənar bir şüur, iradə o hissəciyi müşahidə etməyə çalışdıqda, onun yerini müəyyən etməyə çalışdıqda dalğa funksiyası çökür və hissəcik dalğa olmaqdan çıxaraq, fiziki hissəciyə çevrilir və müəyyən bir yer alır, özünə müəyyən bir pozisiya seçir. Bu nəzəriyyənin dediyinə əsasən bir kimsə sadəcə olaraq baxmaqla, müşahidə etməklə bir dalğanın fiziki hissəciyə çevrilməsinə səbəb ola bilər. Quantum vəziyyəti olaraq adlandırdığımız bu fiziki nəzəriyyəni ilk təklif edən Niels Bohr olub.
Schrödingerin pişiyi
Avstriyalı fizik Edwin Schrödinger bunu cahillərin sadə dildə başa düşməsi üçün “Şrödinger pişiyi” adı ilə tanınan bir misalı məşhurlaşdırır. O bu fiziki nəzəriyyəni sadə dildə belə izah edir. Təsəvvür edin ki, əlinizdə bir qutu var və o qutunun içində pişik qoyulub. Qutunun içində həm də quantum fizikası ilə çalışan bir mexanizm vardır ki, qutunun içinə sianid qazı buraxmaq üçün nəzərdə tutulub. Quantum fizikasının tələbi olaraq qutunun içinə sianid qazının buraxılması 50/50 şansa malikdir. Sual verilir: Qutunu açıb içinə baxmadan öncə pişiyin halı nədir? Ölüdür yoxsa diridir? Əgər kimsə cavab versə ki, diridir, o zaman bu cavab xətadır. Kimsə desə ki, pişik ölüdür, bu cavab da xətadır. Doğru cavab budur ki, qutuya baxmadan öncə pişik həm ölüdür, həm də diridir. Quantum fizikasına Kopenhagen yanaşması bunu tələb edir. Biz sadəcə olaraq qutunu açmaqla pişiyi ölüm və dirim hallarından birini seçməyə məcbur etmiş oluruq. Bizim bu dediyimiz nə qədər də dəlicəsinə səslənsə də müasir tariximizin gəlib keçmiş ən dahi, ən parlaq fizikləri arasında buna həqiqi mənada inananlar olub və hələ də mövcuddur.
Hugh Everettin izahı:
Bir başqa fizik Hugh Everett dalğa funksiyasının müşahidənin təsiri altında çökməsinin heç bir fiziki izahının olmadığını gördüyü üçün başqa bir izah təklif edib. Ona görə əslində dalğa funksiyası çökmür. Hissəcik dalğa funksiyasının öncədən xəbər verdiyi ehtimallardan hər birinə gedib çatır, lakin bu ehtimalların hər biri paralel tarixlərdə baş verdiyi üçün biz öz tariximizdə, öz reallığımızda bu ehtimallardan yalnız birini görə bilirik. Everett’in bu nəzəriyyəsinə əsasən paralel dünyalar mövcuddur və tarix hər an fərqli qollara parçalanır və tarixin bu günə qədər trilyardlarla ölçülən versiyaları mövcuddur. Bu izaha görə ola bilsin ki, başqa alternativdə Adolf Hitler müharibəni qazanıb və dünyanı nasist ideyaları ilə idarə edir. Əslən isveçli olan məşhur kosmologist Max Erik Tegmark bu izaha əsasən kosmologiyada paralel dünyalar ideyasını müdafiə edir və buna səmimi olaraq inanır. Bu izaha görə Şrödingerin pişiyi eyni zamanda həm ölü, həm də diri deyildir. Lakin bir dünyada ölüdür, digər dünyada isə diridir. Bu izah da yaşa dolmuş, dünyanın ən intellektual zümrəsindən sayılan fiziklərin inandıqları izahlardan biridir.
“Quantum Entanglement” nədir?
Daha bir maraqlı fenomen mövcuddur. Bir-biri ilə bağlanmış iki hissəcik bir-birilərinin özəlliyini götürdükdən sonra iki tamamilə fərqli istiqamətə aparılsa aralarındakı məsafə fərqinin böyüklüyündən asılı olmayaraq bir hissəcik ölçüldükdə göstərdiyi xüsusiyyətin tamamilə tərsini digər hissəcik göstərəcək. Lori dildə desək bir yaşıl, bir qırmızı hissəcik bir-biri ilə ünsiyyətdə olduqda hər ikisi də yaşıl-qırmızı rəngləri özündə cəm etdikdən sonra birini kainatın bir tərəfinə, digərini isə kainatın digər tərəfinə atsaq və hissəciklərdən birini rəngini yoxladıqda onun qırmızı olduğunu görsək mütləq digəri yaşıl olacaqdır. Bu fenomenə “quantum Entanglement” deyirlər, hansısa yolla bu iki hissəcik arasında informasiya bağı mövcuddur. Bir hissəciyi müşahidə və ölçü ilə müəyyən bir xüsusiyyəti seçməyə məcbur etdikdə sanki digər hissəcik ani olaraq bu seçimdən xəbərdar olur və o seçimin tam əksini seçir. Albert Einstein bu iddiaya qarşı idi və bunun üçün məşhur “spooky action at a distance” (uzaq məsafədən qorxuducu təsir) şərhini vermişdir. Amma bu fenomen 50-ci illərdə amerikalı fizik John Stewart Bell tərəfindən eksperimental şəkildə sübut edildikdən sonra Einstein’in qorxularının həyata keçdiyinə şahid olduq. Bu gün fiziklər arasında bunun necə baş verdiyinə dair fərqli izahlar mövcuddur, lakin bu izahlar arasında insan məntiqinə zidd izahlar da mövcuddur və bu izahları ağıl sahibi fiziklər irəli sürürlər.
“Alice’in Möcüzələr Ölkəsində”
Hətta quantum fizikası o qədər əsrarəngizdir ki, kəşf edilən yeni fenomenlərə ingilis riyaziyyatçı Charles Lutwidge Dudgson’un təlif etdiyi “Alice’in Möcüzələr Ölkəsindəki Macəraları” adlı romanında keçən bəzi xarakterlərin adlarını verirlər. Misal üçün özü itdikdən sonra gülüşü qalan Cheshire (Çeşir) pişiyinin adını verdikləri fenomenə görə kvantum hissəciyinin maqnetik xüsusiyyətlərini onun özündən ayırmaq mümkündür. Bu, qırmızı bir topun qırmızılığının ondan ayrılmasına və o qırmızılığın topdan ayrılıqda mövcud olmasına bənzəyir. Bax bu cür möcüzələr ilə Quantum fizikası insanı heyrətə gətirir. Biz bu gün bu izahlara inanan fizikləri mövhumatçı, xurafatçı adlandırmırıq.
Nə üçün?!
Görəsən nə üçün müasir gənclik fizikada insana absurd görünən bu iddiaları eşitdikdə, misal üçün bir şeyin eyni zamanda iki ayrı yerdə mövcud ola biləcəyini eşitdikdə bunu mövhumat olaraq rədd etmirlər?! Nə üçün? Cavab məncə çox aydındır, çünki bizim zamanımızda fizika son dərəcədə yüksək bir etibar qazanıb, fiziklərin ağzından nə qədər də absurd fikirlər çıxsa da gənclərimiz onu rahatlıqla həzm edirlər. Lakin dinin xəbər verdiyi möcüzələri ağılları dərk etmədiyi üçün rədd edə bilirlər, onları xurafat olaraq dəyərləndirirlər. Belə bir psixoloji test aparmaq mümkündür. “Bir atom eyni zamanda bir-birindən tamamilə aralı olan iki ayrı məkanda mövcud ola bilər.” Bu iddianı götürün və arxasına Steven Weinberg, Lawrence Krauss, Stephen Hawking, Leonard Susskind, Peter Higgs, Edward Witten, Freeman Dyson, Paul Dirac kimi görkəmli fiziklərdən birinin adını yazın və özlərini intellektuallardan hesab edən ateist, naturalist gənclər arasında paylaşın. Bunu “mövhumat” adı ilə inkar edərkən görməzsən. Lakin “Allah səmada uçan quşu eyni zamanda iki ayrı yerə göndərdi” cümləsini yazsan dərhal xurafat olaraq inkar edəcəklər. Bu isə müasir zamanımızda dinə qarşı aparılmış təbliğatın nəticəsidir, materialist, naturalist düşüncələrdən doğan psixoloji ziddiyyətdir..
Bu izah da yaşa dolmuş, dünyanın ən intellektual zümrəsindən sayılan fiziklərin inandıqları izahlardan biridir.
===
Bohr və digər fiziklər buna buna inanmadılar, bəlkə, alimlərin az bir qismi istisna olmaqla…
Vikipediada yoxladım: baxmayaraq ki, belə bir nəzəriyyə əsas nəzəriyyəlarından biridir, alimlərin əksəriyyəti onu dəstəkləmir.