Muhəmməd Peyğəmbər ﷺ həqiqətən mövcud olubmu?

Maraqlıdır ki, Hitchens peyğəmbərin həyatından ayrı-ayrı epizodlar haqqında danışdığında ziddiyyətli bir üslub izləyir; o həm tarixi qaynaqlara etibar edilməyəcəyini deyir, həm də eyni qaynaqları istifadə edib İslam peyğəmbərini tənqid edir. O, hər şeydən əvvəl gizlətmir ki, Muhəmmədin tarixi bir şəxsiyyət kimi fiziki olaraq mövcud olmağından əmin deyildir və bunu kitabının bir çox yerində təkrarlayır.

“Muhəmmədin fiziki mövcudluğu – hədislər tərəfindən nə qədər zəif isbat olunmağına baxmayaraq – həm İslamın güclü tərəfidir, həm də zəif tərəfidir”1 – deyir. Görəsən nə üçün Hitchens bu düşüncədədir? Cavabı özündən eşidək: “Onun həyatının ilk dəfə qələmə alınması” – Hitchens deyir: “tam yüz iyirmi il sonra İbn İshaq tərəfindən həyata keçirildi ki, onun kitabının orijinalı bizə gəlib çatmayıb…”2 Bununla isbat etmək istədiyi budur ki, bu gün əlimizdə peyğəmbərin həyatı haqqında yazılanlara etibar etmək olmaz, çünki bu məlumatlar peyğəmbərdən yüz iyirmi il sonra yazılıb. Açıq-aşkar görünür ki, Hitchens islam alimlərinin hədisşünaslıq və sira ədəbiyyatı haqqında yazdıqlarını incələməyib.

Hər şeydən əvvəl onu demək lazımdır ki, peyğəmbərin həyatının öyrənilməsi İslamın ilk dövründən başlayır. İsmail bin Muhəmməd bin Sad deyir: “Atam bizə Allahın elçisinin – salləllahu aleyhi va səlləm – hərbi yürüşlərini öyrədərdi, bizə onları və göndərdiyi döyüş dəstələrini bir-bir sayardı və deyərdi: “Ey oğul! Bunlar sizin atalarınızın tarixidir, onu unutmayın!”3 Bu sözlərin sahibi məşhur səhabə Sad bin Əbi Vaqqas’ın nəvəsidir. Peyğəmbərə yoldaşlıq etmiş Sad həm də peyğəmbərin doğma dayısıdır və onun oğlu Muhəmməd öz növbəsində öz oğlu İsmailə peyğəmbərin həyat epizodlarını öyrədirdi. Bu sözlərə kitabında yer verən əl-Xatib əl-Bağdadi ardınca əlavə edir ki, “Əli bin əl-Hüseyn deyərdi: “Biz Qurandan surə öyrəndiyimiz kimi peyğəmbərin – salləllahu aleyhi va səlləm – hərbi yürüşlərini və göndərdiyi döyüş dəstələrini öyrənərdik.” Bu isə peyğəmbərin nəvəsi Hüseyn’in oğlunun sözləridir. Sira ədəbiyyatı olaraq tanınan bu janr heç də Hitchens’in iddia etdiyi kimi İbn İshaq ilə başlamayıb.

Tarixi qaynaqlar göstərir ki, ilk sira ədəbiyyatı, daha dəqiq desək məğazi materialları səhabələrin övladları tərəfindən qeydlər şəklində qələmə alınıb. Bu müəlliflərin arasından üçüncü xəlifə Osman bin Affan’ın oğlu Əbən, Zubeyr bin Avvam’ın oğlu və Aişənin bacısı oğlu Urva öz tələbələrinə bu məlumatları yazdırardılar.4 Urva’dan sonra bu işi davam edənlərin arasında üç müəllifin adı çəkilir: bunlar Abdullah bin Əbi Bəkr bin Həzm (vəfatı 747-52), Asim bin Ömər bin Qatədə (vəfatı 737) və Muhəmməd bin Muslim əz-Zuhri (vəfatı 741) kimi məşhur islam alimləridir. Məğazi məzmununda yazılan kitabların formatını məhz onların kitabları müəyyən etdi.5

Məğazi janrı ilə sira arasındakı fərq isə budur ki, sira ümumilikdə peyğəmbərin həyatı haqqında yazılmış material olduğu halda məğazi xüsusilə hərbi yürüşlər, fəthlər, bu yürüşlərdə iştirak edənlər haqqındadır. İbn İshaq’ın kitabına gəldikdə isə onun orijinalı bizə gəlib çatmasa da bəzi fraqmentləri çatıb və kitabın öz orijinalı dəqiq bir şəkildə rekonstruksiya edilib.6 Üstəlik miladi təqvimlə 728-ci ildə vəfat etmiş Vəhb bin Munəbbih’in məğazi kitabından bir papirus parçasının zamanımıza qədər gəlib çatdığı deyilir.7

Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından

Dipnotlar

  1. GIG, səh: 135
  2. GIG, səh: 129
  3. əl-Xatib əl-Bağdadi, “əl-Cami li Əxlaq ər-Ravi va Ədəb əs-Səmi”, 2/195; Məktəbətul-Məarif, Riyad, 1983
  4. C. Fitzpatrick & A. H. Walker, “Muhammad in History, Thought, and Culture: An Encyclopedia of The Prophet of God”, birinci cild, səh: 571-572; ABC-CLIO, Santa Barbara, 2014
  5. A. Duri, F. M. Donner & L. I. Conrad, “The Rise of Historical Writing Among The Arabs”, səh: 27; Princeton University Press, New Jersey, 1893
  6. Clinton Bennett, “In Search of Muhammad”, səh: 29; Cassell, London, 1999
  7. A. F. Beeston, T. M. Johnstone, R. B. Serjeant & G. R. Smith, “Aabic Literature to The End of The Umayyad Period”, səh: 345; Cambridge University Press, New York, 1983