Asılılıq Arqumenti | Domino effekti

Təsəvvür edin ki, bir gün evinizdən çölə çıxanda küçədə gözlərinizin görə biləcəyi ən uzaq məsafəyə qədər ard-arda düzülmüş domino daşları ilə qarşılaşırsınız. Birazdan getdikcə yaxınlaşan bir səs eşitməyə başlayırsız. Bu səs-küy sizə tanış gəlir, çünki uşaqlıqda oynadığınız domino daşlarının bir-biri ilə toqquşmasından çıxan səsi tanıyırsınız. Nəhayət bir-birinə ardıcıl toqquşub aşaraq sizə yaxınlaşan domino daşlarının ecazkar görüntüsü qarşınızda canlanır. Fizika qanunlarının necə bu cür ecazkar bir tamaşa yarada biləcəyini heyranlıqla izləyirsiniz. Lakin həm də kədərlənirsiniz, çünki sonuncu domino daşı artıq ayağınızdan bir neçə santimetr məsafədə yerə aşır. Baş verənlərdən həyəcanlanaraq bu möhtəşəm düzülüşü quran şəxslə görüşmək ümidilə ilk dominonun aşırıldığı yeri tapmaq üçün küçə boyu getməyə qərar verirsiniz.

Yuxarıda göstərilən ssenarini nəzərə alaraq sizə bir neçə sual vermək istəyirəm. Sizcə, küçə boyu hərəkət edərək sonda domino zəncirinin başladığı yerə çatacaqsınızmı? Yoxsa əbədi olaraq gəzməyə davam edəcəksiniz? Əlbəttə, nəticədə ilk domino daşını tapmalısınız. Ancaq sizdən nə üçün deyə soruşmaq istəyirəm. İlk domino daşını tapacağınızı düşünürsünüz, çünki domino zənciri sonsuzadək beləcə davam etsəydi, ayaqlarınızın yanındakı son domino daşı heç vaxt aşmazdı. Son domino daşı aşmazdan əvvəl sonsuz sayda domino daşı aşmalı idi. Yəni nəticədə son domino daşı heç bir vaxt aşmazdı. 

Analogiyanı davam etdirərək sizə başqa bir sual vermək istəyirəm. Deyək ki, küçə boyu gedərkən nəhayət ki, zəncirin başındakı ilk dominoya rast gəlirsiniz. İlk domino haqqında nə düşünürsünüz? Sizcə bu domino “öz-özünə” aşdı? Başqa sözlə, ilk dominonun aşmasını hansısa xarici bir qüvvəyə istinad etmədən izah etmək olarmı? Əlbəttə ki, xeyr; heç bir şey öz başına baş vermir. Hər şeyin bir növ izah olunmağa ehtiyacı vardır. Beləliklə, ilk dominonun aşmasına xarici bir qüvvə – insan, külək və ya onu itəliyən başqa bir şey səbəb olmuşdu. Bu “başqa bir şey” nə olursa olsun, mütləq domino daşlarının aşmasına verdiyimiz izahın bir hissəsini təşkil etməlidir.

Xülasə, nə domino zəncirində sonsuz sayda daşlar ola bilər, nə də ki, ilk domino heç bir səbəb və ya xarici qüvvə olmadan aşa bilər.1

Yuxarıdakı nümunə asılılıq arqumentinin xülasəsidir. Kainat əslində bir növ sıra ilə düzülmüş domino daşlarına bənzəyir. O və içindəki hər şey mütləq başqa bir şeydən asılıdır. Sonsuz olaraq həmişə başqa şeylərdən asılı olan bir şeydən asılı ola bilməz. Yeganə həqiqətə uyğun izah budur ki, kainat və onun içindəki hər şey varlığı kainatdan müstəqil şəkildə mövcud olan bir amilə tabe olmalıdır. Başqa sözlə desək, bu amil kainatdan “asılı” olmamalıdır, çünki bu, məsələyə izah edilməsi tələb olunan başqa bir domino daşı əlavə etmək deməkdir. Buna görə də mütləq olaraq hər şeyin tabe olduğu müstəqil və əbədi bir varlıq olmalıdır.

Hamza Tzortzis‘in ”Həqiqətin İzində: Ateizm İllüziyası” adlı kitabından

Dipnotlar

  1. Kitabın bu fəslində təqdim edilən arqumentdəki bir çox fikirlər İslam elmi ənənəsindən və müasir Xristian fəlsəfi araşdırmalardan ilham alınaraq və uyğunlaşdırılaraq yazılmışdır. Bax: Al-Ghazali, A. (2003). Al-Itiqaad fi Al-Iqtisaad. Beyrut: Al Maktabah Al Sharqiyah; Ibn Sina, A. (1957). Al Ishaarat wa Al-Tanbihaat. Qahirə: Dal al Mar’rif; Ibn Sina, A. (1982). Kitaab Al Najaat fi Al Hikmah Al Muntiqiyah wa Al Tabia wa Ilahiyah. Beyrut: Dar Al Afaaq; Taymiyyah, I. (2009). Sharh Al-Ishbahaniyah. 1. Edition, Riyad: Maktabah Dar Al-Minhaaj; Craig, W. L. (2011). Contingency Argument for God. Buradan baxa bilərsiniz: https://www.youtube.com/view_play_list?p=A-7CE655E55212940. [Keçid tarixi: 20 oktyabr 2019]
Author: “The Divine Reality: God, Islam & The Mirage of Atheism”. MA & PgCert Philosophy. Postgrad research, educator & writer.