Nə üçün İslam – 3: ELÇİ

Desələr ki, bəs nə üçün müsəlmanlar bu dinlər arasından İslam dininin haqq din olduğuna inanırlar? Bu, bir müsəlmana verilə biləcək ən önəmli suallardan biridir. Əslində həqiqi müsəlman bu sualın cavabını rahatlıqla verməlidir.

Biz bu suala çox uzun bir cavab yaza bilərik, Bir müsəlman olaraq biz İslamın haqq din olduğuna bir neçə səbəbə görə inanırıq. Bu səbəblər arasında ən əhəmiyyətlilərindən biri bu dini bizə gətirmiş şəxsiyyətin özüdür.

Abdullahın oğlu Muhəmməd ﷺ

Miladi 570-ci ildə dünyay gəlmiş Abdullahın oğlu Muhəmməd yetim böyüyüb, anası Əminə’ni beş yaşı olarkən itirir. Daha sonra iki il haşimilər soyunun böyüyü sayılan babası Abdulmuttalib və sonra isə əmisi Əbu Talibin yanında böyüyür. Muhəmməd əxlaqlı və dürüst bir gənc kimi böyüyüb. Gördüyü işlərində o qədər dürüst, doğru və səmimi davranardı ki, buna görə ona Məkkədə “Muhəmməd əl-Əmin” adını verirlər, yəni etibarlı, dürüst olan Muhəmməd. Məhz bu dürüstlüyünə və etibarına görə özündən yaşca çox böyük olan Məkkənin zəngin qadınlarından biri ona evlənməyi təklif etmişdi. Məhz buna görə həmişə konfliktdə olan Qureyş qəbilələri Kəbədəki qara daşı yerinə qaldırmaq şərəfini bölüşməkdə ona etibar etdilər.

Allah rasulunun həyatı

Belə bir insan oxumaq və yazmaq bilmədiyi halda 40 yaşına çatdıqda Allahdan ona vəhy göndərildiyini söyləməyə başlayır. Bundan sonra 23 il bu vəhyi insanlara çatdırmaq üçün inanılmaz əziyyətlərə qatlanır. Öz doğma əmilərindən tutmuş digər qohumlarına qədər Məkkənin əksəriyyəti ona düşmən kəsilir. Dəfələrlə döyülür, Taifdə daş-qalaq olunur, al-qana boyanır. Ona tabe olan və sevdiyi müsəlman dostları öldürülür və himayəsi olmayan zəif müsəlmanlar uzaq ölkəyə hicrət etməli olurmar. Ona iman gətirmiş müsəlmanlar ilə birlikdə məkkəlilər tərəfindən boykot olunurlar. Heç kim onlara yeməyə və geyinməyə bir ticarət malı satmır, heç kim onlara içməyə su vermir, heç kim onlara evlənməyə qız vermir. Müsəlmanlar şəhərdən çıxarılırlar. Yolların qırağında bitən otlarla, yaşıllıqlarla və digər əziyyətli yollar ilə keçinməli olurlar.

Həyatın çətin anları..

Bu müddətdə Muhəmməd öz sevimli həyat yoldaşını və onu himayə edən əmisi Əbu Talibi itirir. Daha sonra öldürülməklə üzləşir. Öz doğma vətənini digər müsəlmanlar ilə birlikdə tərk edir. Qürbət həyatına qatlanır. Mədinəyə köçən Muhəmməd orada da bir neçə dəfə sui-qəsd cəhdi ilə üzləşir. Məkkəlilərin hərbi təhdidlərinə qarşı müharibələrə qatlanmalı olur. Bu müharibələrdə yaralanır. Yəhudilər tərəfindən əziyyət görür, yəhudi qadının verdiyi zəhərli yemək səbəbi ilə ömrünün son illərində xəstəlikdən əziyyət çəkir. Lakin bütün bunlara baxmayaraq iyirmi üç il ərzində insanlara təbliğatını tamamlayır.

İyirmi üç il ərzində Allahdan aldığı vəhyləri tamamlayır və bu ayə ilə Allahın göndərdiyi dinin tamamlandığını elan edir. “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” (əl-Maidə, 3) Son həccini yerinə yetirərək insanlara son nəsihətini edərkən artıq yoldaşları onun yaxında onları tərk edəcəyini anlayırdılar. Elə də olur və qəməri təqvim ilə 63 yaşında bu həyata vəda edir. Tarixin bu qeyri-ordinar şəxsiyyətinin bir Allah elçisi olduğuna müsəlmanlar inanırlar.

Səmimi idimi?

Bunun doğruluğunu sınaqdan keçirmək üçün belə bir test etmək olar. Muhəmməd Allahdan vəhy aldığına dair söylədiklərində:

1) Səmimi deyildi, öz dediklərinə inanmırdı, bunu yalnız dünyəvi məqsədlər üçün edirdi
2) Səmimi idi, öz dediklərinə özü də inanırdı, lakin bu, hallüsinasiya idi, ona elə görünürdü
3) Səmimi idi və həqiqətən də Allahın insanların içindən seçdiyi bir elçi idi

Birinci

Birinci alternativə baxsaq mütəxəssis alimlərin hamısının qəbul etdiyi ölçülərə görə Muhəmməd heç cür bu alternativə uyğun deyildi. Bunu bir neçə yöndən izah etmək olar:
Birinci: Muhəmməd Allah tərəfindən seçildiyini söyləmədən öncə öz qövmü tərəfindən dürüst və etibarlı biri kimi tanınırdı. Əmanətə xəyanət etməyən, zəiflərə kömək edən, yetimləri himayə edən biri kimi tanınıb.

İkinci

İkinci: Muhəmmədin həyat tərzi heç cür buna uyğun gəlmirdi. Çünki o, gündüzlər müsəlmanlarla bağlı olan işləri idarə etdiyi halda, onlarla bağlı qərarlarını verdiyi halda, orduları hazırladığı halda, müharibələr etdiyi halda gecələr ayaq üstə duraraq dabanları şişərək partlayana qədər namaz qılardı. Hətta buna görə onun həyat yoldaşı ona acıyar və nə üçün özünə belə əziyyət verdiyini soruşardı. Səmimi olmayan, öz çağırışına özü inanmayan insan belə hərəkət etməz.

Üçüncü

Üçüncü: Muhəmməd vəfat edərkən öz doğma qızına, kürəkəninə və nəvələrinə heç bir miras buraxmamışdı. Onlara nə bir dinar, nə də bir dirhəm qismət olmamışdı. Özü də həyatda olduğu müddətdə evində nə bir dinar, nə də bir dirhəm saxlamazdı. Əksinə Mədinədə aclıq dövrlərində mədəsinə ağır daş bağlayaraq gəzərdi ki, mədəsinin aclıqdan yığıldığını hiss etməsin. Hətta bir dəfə ona bahalı bir paltar hədiyyə verirlər, lakin paltarın onu namazından yayındırdığını görərək başqasına hədiyyə verir.

Orientalistlərin bu barədə dedikləri

Gəlin bu barədə qeyri-müsəlman bir ekspertin, bir orientalistin fikri ilə də tanış olaq. Edinburgh universitetinin emeritus professoru, tarixçi və şərqşünas William Montgommery Watt bu barədə yazır:

“Muhəmmədə qarşı atılmış ən yayğın ittihamlardan biri də budur ki, (guya) o saxtakar olub və öz ambisiyasını və öz şəhvətini razı salmaqdan ötrü özünün də saxta olduğuna inandığı dini təlimləri təbliğ edib. Belə bir səmimiyyətsizlik İslam dininin inkişaf edərək ortaya çıxmasını dərk edilməz (bir hal) edir. Bu nöqtə (və ya cavab) ilk dəfə ilk dəfə yüz il öncə Thomas Carlyle tərəfindən Qəhrəmanlar haqqında verdiyi mühazirələrində əzmlə qeyd edilib və bu cavab o zamandan bəri daha çox alim tərəfindən qəbul olunub. Qeyri-dindar baxış açısından uğur qazanmaq üçün heç bir istiqbal görünmədiyi halda Məkkə dönəmindəki əziyyətlərə və təqiblərə qatlanmaq üçün Muhəmmədin bu qədər hazırlıqlı olmasını yalnız və yalnız onun özünə və öz missiyasına olan dərin inancı izah edə bilər. Səmimi olmasaydı Əbu Bəkr və Ömər kimi güclü və namuslu xarakterə malik kişilərin vəfasını və sədaqətini necə qazana bilərdi? Allaha inanan biri üçün burada daha bir sual vardır: Allah necə İslam kimi əzəmətli bir dinin yalanlar və aldatmacalar əsasında inkişaf edərək ortaya çıxmasına izn verə bilərdi? Ona görə də Muhəmmədin səmimi olmasına dair güclü arqumentlər vardır. Əgər o, bəzi məqamlarda xətalı olubsa bu, məqsədli şəkildə yalan danışmağa görə və saxtakarlığa görə olmayıb.”
1

W. Montgomery Watt

Richard Bell

Bu fikir həmçinin onun kolleqası Richard Bell də bölüşür. Bu fikir orientalist alimlər tərəfindən qəbul edilir, çünki Muhəmmədin həyatını oxuyan insanda şəkk qalmaz ki, bu insan öz həyat tərzi, hərəkətləri və dəvətinin nəticəsi ilə göstərmişdir ki, o, öz dediklərinə inanan səmimi bir insan olub. Çünki başqa heç bir izahat onun həyatı üçün uyğun gəlmir. Onun dünya malı üçün bu qədər əziyyətlərə qatlandığını deyə bilmirlər, çünki dünya malından özünə və övladlarına bir şey götürməyib.

Onun çağırışı

Muhəmmədin çağırışının Məkkənin liderləri üçün nə qədər təhlükəli olduğunu anlayan bir insan heç bir zaman onun qeyri-səmimi bir insan olduğunu iddia edə bilməz. Altıncı əsrin Məkkəsini təsəvvür edin. Kəbənin ətrafında 360 büt düzülüb və bu bütlərin hər biri ayrı-ayrı bölgələrdə yaşayan ərəb qəbilələrinin sitayiş etdikləri bütlərdir. O dövrdə ərəblər bu bütlərə sitayiş etmək üçün Məkkəyə axın edirdilər və bu, Məkkənin böyüklərinə inanılmaz var-dövlət, sərvət gətirirdi. Çünki bu mövsümlərdə ticarətdən çoxlu qazanc əldə edirdilər. Belə bir şəhərdə bir kimsənin çıxaraq bütün bütlərin saxta olduğunu, onların qırılmasının vacib olduğunu təbliğ edərsə şübhəsiz ki, belə bir insanın ölümü göz önünə alaraq bunu etdiyini qəbul etməyimiz lazımdır. Belə biri isə qeyri-səmimi ola bilməz, çünki şüurlu şəkildə belə yola gedən biri yalnız ideologiya sahibi biri ola bilər, yalnız daşıdığı fikirlərin uğrunda ölməyə haqq qazandıran biri ola bilər.

Hallusinasiya?

O zaman ikinci alternativə baxaq. Bəlkə Muhəmmədin Allahdan aldığına inandığı vəhy əslində qarabasmalar, hallüsinasiyalar olub? Bu, İslamın peyğəmbərinə qarşı irəli sürülmüş ən qədim iddialardan biridir. Hələ Məkkədə olarkən məkkəlilər Muhəmmədi dəli olmaqda ittiham etmişdilər. Bu barədə Quran bizə xəbər verir: “(Kafirlər) dedilər: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən.” (Hicr, 6) İlk dövrlərdə xristianlar Muhəmmədin epilepsiya xəstəliyindən əziyyət çəkdiyini iddia edirdilər. Bunu ilk dəfə bizanslı tarixçi Theophanes kitabında yazır. O dövrdə epilepsiya xristian aləmində şeytan tərəfindən idarə olunmaq kimi qəbul olunurdu. Lakin son əsrlərdə xristian dünyasının epilepsiya haqqındakı təsəvvürü dəyişdi və artıq epilepsiyanın Muhəmmədi tənqid etmək üçün yararsız olduğunu anladılar. Lakin epilepsiya ilə yanaşı onun hallüsinasiyalardan əziyyət çəkdiyini iddia etdilər. Amma bir insan Muhəmmədin həyatını və əldə etdiyi nəaliyyətləri bu iddialar ilə qarşı-qarşıya qoyduqda başa düşürkü iddiaların heç biri Muhəmmədin aldığı ilhamları izah edə bilmir.

Birinci

Birinci: Muhəmməd dövlət başçısı olub, uğurlu hərbi yürüşlərə rəhbərlik edib. Öz rəiyyəsi üçün qanunlar çıxarıb və onları icra edib. Yəhudilərin və düşmənlik edən ərəb qəbilələrinin bir arada yaşadığı Yəsrib şəhərində inanılmaz bir balans qurmağa nail olub. İnsanlara mənəvi dəyərləri, dürüstlüyü öyrədərək xütbələr verib, aşkar fəsahət ilə onlara moizə verib.

İkinci

İkinci: Muhəmməd aldığı vəhyi yazmaq üçün vəhy katibləri tutub və onlara eşitdiyi ayələri yazdırıb. Bu gün Quran olaraq tanıdığımız və iyirmi üç il ərzində yazılmış bu kitab dünya tarixinin tanıdığı ən fəsahətli, ən bəlağətli və ən zəngin dillərindən biri olan ərəb dilində yazılmış ən möhtəşəm, ən fəsahətli və bəlağətli kitab sayılır. Bu kitab 14 əsrdən bəridir ki, insanlığa onun mislində bir şey yazmaqlarına dair meydan oxuyur və bu günə qədər də gözəlliyində, innovativ üslubunda, lirikasında və eyni zamanda insanlara verdiyi yeni təlimlərdə bir tayı olmayan bir kitabdır. Quran möcüzəsi haqqında daha sonrakı yazılarımızın birində geniş məlumat verəcəyik.

Üçüncü

Üçüncü: Hallüsinasiya və qarabasmalardan əziyyət çəkən insan tərəddüd və iztirab içində olur. Yəni hər zaman eyni fikrə müvafiq olan vizyonlar görməz, əksinə bir-birinə zidd olan, bir-birilərindən tamamilə fərqlənən, bir-birilərini inkar edən şeylər görər. Muhəmməd isə iyirmi üç il ərzində eyni fikirə, eyni missiyaya sadiq qalan bir vəhyin daşıyıcısı olub.

Dördüncü

Dördüncü: Əgər gördükləri sadəcə hallüsinasiyalar və qarabasmalardan ibarət idisə o zaman o hallüsinasiyalarda gəlib keçmiş peyğəmbərlər haqqında məlumatı necə ala bilirdi? İslam dininə inanmayan tarixçilər bu məqamı belə izah edirlər ki, Muhəmməd ticarət üçün səfərlərində bu məlumatları öyrənib. Bu izaha əsasən belə deməyə məcburdurlar ki, Muhəmmədin yazdırdığı vəhy “hallüsinasiyalardan” əldə etdiyi məlumatlar deyildi, lakin ticarət üçün etdiyi səfərlərdə öyrəndiyi məlumatlar idi, o zaman Muhəmmədin səmimi olmadığını söyləməkləri lazımdır. Halbuki buna birinci alternativdə cavab verdik, cavab verdik ki, Muhəmməd şübhəsiz öz dediklərinə inanan ideologiya sahibi biri şəxsiyyət olub, öz qövmü tərəfindən heç bir zaman yalanda ittiham edilməmiş dürüst bir insan olub.

Ən uğurlu reformist

Muhəmməd bu gün tarixçi alimlər tərəfindən ən uğurlu reformist hesab olunur. Onun nəaliyyətləri arasında sosial və mənəvi reformlar var. Qadınların ictimaiyyətləki hallarını inanılmaz dərəcədə yaxşılaşdırdı. Bir mənəvi reformist olaraq qadınların mənəvi varlıqlar olaraq kişilərlə bərabər olduğunu cəmiyyətdə bir norma kimi qəbul etdirdi. Qadınlar artıq mülk sahibi ola bilərdi, sahibkarlıq etmək haqqına malik oldu, artıq kişilər kimi varis ola bilərdi. Daha öncə kişilərə istədikləri qədər qadın almaq icazəli idi, hətta bəzi hallarda qadın özü bir mülk kimi atadan oğula keçirdi. İslamda bütün bu cahiliyyə qaydaları ləğv edildi.

Eləcə də cəmiyyətdə hüquqi islahatlar aparıldı. Sübut məsuliyyətinin müttəhimin üzərinə düşdüyünü bir prinsip kimi yerləşdirdi, müasir terminlə desək təqsirsizlik prezumpsiyasını hüququn ayrılmaz hissəsi kimi isbat etdi. Həmçinin hərbi ədəb qaydalarını da hüququn ayrılmaz hissəsinə çevirdi, müsəlmanlara müharibələrdə qadınları, uşaqları, yaşlıları, rahibləri öldürmək qadağan edildi. Muhəmmədin gətirdiyi islahatlar haqqında yazsaq ayrıca bir kitab yazmalı olacağıq.

Bir sözlə bütün bu prolifik islahatlar Muhəmmədin yüksək intellekt, səlim ağıl və tam bir mənəviyyat sahibi olmasının göstəriciləridir. Belə xüsusiyyətlərə sahib olan insanın insanlar arasında inam qazanması şüurlu və məntiqli bir prosesin nəticəsidir. Bu, çox saylı səbəblərdən biridir ki, biz müsəlmanlar İslam dininin haqq din olmasına inanırıq. Digər səbəblər haqqında sonrakı yazılarımızda yazacağıq.

PS. Mövzu ilə bağlı Nübuvvət arqumentinə aid yazılmış kitablarımızı nəzərdən keçirə bilərsiniz.

Nübuvvət arqumenti – İslam peyğəmbərinin həyatı
Nübuvvət arqumenti-İslam Peyğəmbərinin mənəviyyat ölçüləri

Dipnotlar

  1. W. Montgomery Watt, ”Muhammad: Prophet and Statesman”, səh: 229-235; Oxford University Press, 1961