Peter Singer’dən səmimi etiraflar | “Ateizmə sadiq qalanlar”

Anna Stubblefield fəlsəfə üzrə Rutgers universitetinin keçmiş professorudur. 2011-ci ildə bu qadın professor əqlən əlil olan bir nəfərə qarşı cinsi təcavüz etməkdə ittiham olunaraq məhkəmədə həbs cəzasına layiq görüldü. Təcavüz etdiyi əqli əlil şəxs kommunikasiya etməkdən aciz biri idi və ailəsi onunla daha yaxşı kommunikasiya edə bilmək arzusu ilə professorun onunla çalışmasına razılıq vermişdi. Lakin professor – iddiasına görə – həmin əqlən əlil olan insana vurulmuş və onunla cinsi əlaqəyə giribmi. Məhkəmə həmin əlil insanın hər hansı bir şeyə razılıq vermək seçiminin olmadığını nəzərə alaraq qadını təcavüzkar hesab etdi.

Peter Singerin məsələyə baxışı

Yaxınlarda bu qadın ilə bağlı məşhur ateist filosof Peter Singer’in rəyi ilə tanış oldum. Bir utilitarian olan bu avstraliyalı filosof Annanı müdafiə edərək ona kəsilmiş cəzanın haqsız olduğunu deyirdi. Ona görə Anna xoş niyyətli bir iş görüb və əlil insanın psixoloji bir zərər çəkdiyi sübut olunmayıb, əksinə görünən budur ki, Annanın ona sevgi ilə yanaşı cinsəl həzz bəxs edib. O zaman hansı səbəbə görə Annaya həbs cəzası kəsmək doğru hesab edilə bilərdi? Peter Singer’in utilitarianizmi bütün etika qaydalarını, bütün mənəviyyatı, moral sistemi ümumi fayda üzərində cəm edir. Yəni bu ideologiyaya görə hər hansı bir əməl o əməl sahibinə və digərlərinə fayda və məmnuniyyət gətirirsə həmin əməl moral olaraq doğru əməl sayılmalıdır.

Evtanaziya və İnfantisid

Peter Singer tanıdığım ən konsistent və səmimi ateistlər sırasındadır. Özünün mənəviyyat anlayışına əsasən o, könüllü evtanaziyaya və infantisidə normal yanaşır, hətta bu əməllərin moral olaraq doğru əməllər olduğunu deyir. Könüllü evtanaziya ağır xəstələrin ölmək arzusunu həkimin və ya həkimlərin öldürücü dərman verməklə yerinə yetirməsidir. Bu, bəlkə də ağır xəstənin çəkdiyi əzabı nəzərə alanlar üçün o qədər də qorxunc görsənmir. İnfantisid isə xəstə uşaqların, xoşbəxt həyat perspektivi olmayan uşaqların körpə ikən öldürülməsidir; Singerə görə bu motiv ilə uşaqları öldürmək tamamilə mənəvi bir addım hesab edilməlidir. Lakin Singer təkcə bu sözlərinə görə deyil, bu sözlərin əsasında duran dünya görüşünə görə konsistent hesab edilə bilər. Ona görə bir insan həyatı ilə bir heyvan həyatı arasında fərq yoxdur, yəni bir insanı öldürmək nə qədər xətalıdırsa heyvanı da eyni şəkildə öldürmək xətalıdır.

Mərhəmət nədir?

Yaralanmış və əzab çəkən atın beyninə gülləni sıxaraq öldürmək mərhəmət hesab olunursa sağalmaq perspektivi olmayan və əzab çəkən xəstələri – istər körpə uşaq olsun, istərsə də könüllü olaraq razılıq vermiş yaşlılar olsun – öldürmək də eyni şəkildə mərhəmət sayılmalıdır. Singer “Practical Ethics” kitabında (səh: 88) yazır:

“Bir varlığı ağrıya məruz qoymağın yalnışlığı həmin varlığın hansı cinsdən olmasından asılı ola bilməz; nə də onu öldürmək belə ola bilməz. Cinslərin arasındakı sərhədləri ayıran bioloji faktlar heç bir mənəvi əhəmiyyətə sahib deyildir. Bir varlığa sadəcə olaraq bizim cinsin (yəni insan cinsinin) nümayəndəsi olduğu üçün üstünlük vermək, öz irqinin nümayəndəsi olan kəslərə üstünlük verən rasistlər/irqçilər ilə bizi eyni sıraya qoyur.”

Peter Singer

Heyvan öldürmək ilə insan öldürmək arasındakı fərq

Daha sonra xristianlıqdan əvvəlki Avropada hakim olan roma və yunan mədəniyyətlərində belə bir anlayışın olmadığını xatırladır. İnsan həyatına xüsusi bir dəyər və müqəddəslik verməyin dini təsəvvürlərdən gəldiyini Peter Singer bir sözlə təsdiqləyir.
Singer üçün heyvan öldürmək ilə insan öldürmək arasında bir fərq olmadığı üçün o, heyvan əti yeməyin mənəvi olaraq çirkin bir əməl olduğunu hesab edir. Ona görə də həyatını bir vegeterian olaraq yaşayır. Heyvanları insanlarla eyni bərabərdə tutmaq utilitarianizmin banisi ingilis filosof Jeremy Bentham’ın (1748-1832) sözlərində də öz əksini tapır: “Bu aşılmaz xətti müəyyən edən başqa nə vardır?! Bu, əqli düşünmək bacarığıdırmı yoxsa danışmaq qabiliyyətidirmi?! Amma tam yetkin bir at və ya it müqayisə olunmayacaq dərəcədə bir günün və ya bir həftənin, hətta bir ayın körpəsindən daha rasional və danışıqla müraciət edilməyə daha uyğun varlıqdır. Lakin fərz edək ki, tam tərsinədir; məgər bu nəyi dəyişir ki?! Burada “onlar düşünə bilirlərmi?” sualı, nə də “onlar danışa bilirlərmi?” sualı verilməməlidir. Lakin “onlar da əziyyət çəkə bilirlərmi?” soruşulmalıdır.”

“Əziyyət çəkmək”

Beləliklə də Bentham’ın fəlsəfəsində varlıqların dəyərini müəyyən edən onların təfəkkür etmək, şüurlu davranmaq, danışa bilmək qabiliyyətləri yox, onların əziyyət çəkə bilməkləridir. Əzab hiss edə bilən hər bir varlıq onun dünya görüşündə eyni dərəcədə yaşamağa layiqdir. Peter Singer də “Animal Liberation” kitabında yuxarıdakı sitata yer verdikdən sonra təsdiq edir ki, Benthama görə bir varlığın eyni dərəcədə dəyərə layiq olması üçün ən önəmli xüsusiyyət əziyyət çəkmək qabiliyyətidir. 1

Bentham da bir ateist idi, hətta dinlərə münasibətdə çox radikal idi. O 1809 və 1823-cü illər arasında “dini inancları, hətta din ideyasının özünün insanların beynindən köklü şəkildə silinib atılması məqsədi ilə dini yoğun bir şəkildə incələməyə başlamışdı.”  2

Ateizm dünya görüşünə sadiq qalanlar

Bu ateist filosofların fikirləri hamımız üçün maraqlı olmalıdır. Bunun üzərində düşünməyimiz lazımdır. Nəzərə almaq lazımdır ki, bu ateist filosoflar ateizm dünya görüşünə ən sadiq qalan kəslər arasındadırlar və bu dünya görüşünə görə əgər bir toyuq ağrı hiss edirsə, əziyyət və iztirab çəkə bilirsə deməli onu öldürməklə bir körpə uşağı öldürmək arasında bir fərq yoxdur. Peter Singer bir şeydə haqlıdır ki, insan həyatına müqəddəslik verən yalnız dini inanclar ola bilər. Çünki dindar birinin bəşəriyyətin Allah tərəfindən yaradılmış ən dəyərli məxluqlar olduğuna, digər canlıların insana xidmət etmək üçün yaradıldığına inanması üçün dini təlimlər mövcuddur. Həqiqi bir ateist mövqeyi isə məhz Peter Singer kimilərin anlayışıdır.

Dipnotlar

  1. “Ethical Theory: An Anthology”, səh: 364
  2. James E. Crimmins, “Bentham on Religion: Atheism and The Secular Society”, Journal of the History of İdeas, cild 47, say 1 (yan.-mar. 1986), səh: 95