İzləyicilərimizdən biri bizə bu qısa cavabı göndərib. Biz də biraz “sxolastik” təfəkkürü işə salaraq Vüsal Mamedovun bu cavabına bir neçə etiraz bildirmək istədik.
“İstənilən populyasiyanın sağ qala bilməsi üçün tarixən təkamülün gedişində onda həm altruist (yaxşı) həm də eqoist (pis) fərdlər olmalıdır…Bütün fərdlər eqoist olsa populyasiya məhvə məhkumdur. İnsan populyasiyası bu zamana qədər gəlib çatıbsa bunu eqoist və altruist fərdlərin balansına borcludur. Bu balans təmin edir ki, cəmiyyətdə yaxşılar da olsun, pislər də olsun. Eqoistlər populyasiyalar arası mübarizə üçün vacibdir, altruistlər isə populyasiya arası münasibətlərdə vacib rol oynayır..”
İzahedici xarakter
- İlk etirazımız budur ki, təkamül nəzəriyyəsi izahedici xarakter daşıyır, məcbur edici xarakter deyil. Təkamül nəzəriyyəsinə görə, insan müəyyən funksiyaları müəyyən səbəblərə görə əldə edib. Kobud bir misal: insanın danışmağa ehtiyacı olduğu üçün dili çıxıb. Lakin təkamül kimisə hansısa əməli etməyə məcbur edə bilməz. Dilini kəsmək istəyən insanın qabağını ala bilməz. Və ya Hitlerin bütün bəşəriyyəti bir anda məhv edə biləcəyi bir silahı olarsa, təkamül ona bu silahı istifadə etməməyi əmr edə bilməz. Hitlerin bu seçimini etməsində əqlə və məntiqə zidd heç bir şey yoxdur.
Determinist yanaşma
- Lakin görünən odur ki, cavab verən məsələyə determenist (insanların əməllərində azad iradəyə sahib olmama prinsipi) yanaşma ilə baxır. Yəni, təkamül bizi elə yaradır ki, mütləq olaraq populyasiyada həm eqoistlər, həm də altruistlər olmalıdır, çünki təkamül mexanizmini həyatda tutan bu ikisinin balansıdır. O zaman belə bir sual veririk: Adolf Hitler və əmsalı eqoist insanlar nəyə görə cəzaya və qınağa layiqdir (belə olduğuna inandığınıza ümid edirik)? Axı kor və məqsədsiz təkamül nəticəsində mütləq olaraq kimsə eqoist olmalı idi. Hitlerin günahı nədir ki, kor və məqsədsiz təkamül onu eqoist sizi isə altruist edib? Bəlkə hər şey tam əksinədir? Əgər Hitler və əmsallarının mövcudluğu nəinki qaçınılmaz, əksinə populyasiyanın sağ qalması üçün labüddürsə o zaman bəlkə biz Hitlerə təşəkkür borcluyuq? Sonunda bizim populyasiyada balansın qorunmasına səbəb oldu.
Eqoizmə subliminal dəvət?
- “Hamı eqoist olsa populyasiya məhv olacaq, balans populasiyanı qoruyur”. Buradan belə çıxır ki, hamı altruist olsa da balans pozulacaq və populyasiya məhv olacaq? Eqoizmə subliminal dəvət? Şərhsiz..
Necə olmalıdır?
- Təkamül sadəcə bir şeyin necə baş verdiyini izah edir, lakin “necə olmalıdır?” sualına cavab vermir. Təkamül nəyin doğru və nəyin yalnış olduğunu izah etmir, sadəcə olaraq necə baş verib onu izah edir. Ona görə də altruizmin yoxsa eqoizmin hansının xeyir, hansının isə şər olduğunu təkamül bizə izah etmir. Biz eqoizm pisdir deyə bilmirik, yaxud da altruizm yaxşıdır deyə bilmirik. Əgər mənəviyyat faktorunu tənlikdən çıxarıb atsaq o zaman məntiq bizə deyəcək ki, eqoist olmaq doğrudur, çünki niyə başqası üçün fədakarlıq edəsən ki? Qrupun marağını nə üçün öz marağından önə keçirəsən ki? Bu dünyaya bir dəfə gəlirsən və bir dəfə yaşayırsan. Sən öldükdən sonra qrupun sağ qalıb qalmamağından mənə istisi və soyuğu olmamalıdır, o zaman hansı ağıl ilə mən qrupun sağ qalması üçün özümü fəda etməliyəm? Üstəlik bu gün hətta ən qatı ateistlər belə təkamül prinsipləri üzərində çalışan bir cəmiyyətdə yaşamaq istəmirlər. Richard Dawkins özü belə darvinist bir cəmiyyətdə yaşamadığı üçün az qala Allaha şükür edir!
- Günəş-Kral (ona nisbət olunduğu kimi) demiş: “Bizdən sonra lap tufan gəlsin”. Biri desə ki, mən də eqoist olmağı seçirəm, bu dəqiqə eqoist olub yağ-bal içində yaşayanlardan birini mənim yerimə altruist olmağa dəvət edirəm ki, balans pozulmasın. Təkamül ona nə cavab verə bilər?!
“Səfilləri oxumayan yaxşı insan ola bilməz”
P.S. Bir il öncə Vüsal Mamedovun feysbukda “Səfilləri oxumayan yaxşı insan ola bilməz” yazılı paylaşımını gördüm. O vaxtdan bu paylaşımı xatırlayıram, çox təəccüblənmişdim. Çünki Səfilləri oxuyan hər kəs dərhal (mən misal üçün uzun illər öncə məktəbli ikən oxumuşam) müəllifin əsas qəsdini anlayır: Jan Valjan sadəcə və sadəcə xristianlıq xeyirxahlığını anlayıb ona sarıldığına və əsl xrisitian olduğuna görə pis insandan yaxşı insana çevrilə bilmişdi. Məgər bu ateizmlə və təkamül inancı ilə düz gəlir? Və ya Vüsal Mamedov etiraf edir ki, dinsiz yaxşı olmaq mümkün deyil? Təkamülə inandığı üçün mən ona Cek Londonun “Dəniz Qurdu” əsərini oxumağa təklif edə bilərəm. Dünya ədəbiyyatının ən mənfi, ürəkürpərdici personajlarından olan Qurd Larsen həqiqi təkamülçüdür, inandığına görə məntiq yürüdür və sağ qalmağa çalışır.
Cavab yaz