peyğəmbərin həyatı

“The Life of Mahomet” kitabı və Nübuvvət Arqumenti

Sir William Muir (1815–1905), şotlandiyalı oriyentalist və Britaniya imperiyasının Hindistandakı administrativ məmuru idi. O, qərb dünyasında olduqca təsirli sayılan, Muhamməd peyğəmbərin həyatı barədə “nəqllər” gətirdiyi “The Life of Mahomet” kitabının müəllifidir. Müəllif bu kitabda erkən İslam qaynaqlarından istifadə etdiyini iddia edir, Montgommery Watt da onun kitabını “detallı şəkildə İslam profilini təsvir edir” sözləri ilə vəsf edir, lakin “yenə də kritikadan qoruna bilmir” deyə də əlavə etməyi unutmur. 1

Onun tənqidə layiq olan əməllərindən biri də, bəzən peyğəmbərin lehinə olan hadisələri görməzdən gəlməsidir. Misal üçün, Jabal Buaben qeyd edir ki, Muirin öz kitabında qəsdli şəkildə Mədinə Konstitusiyasını qeyd etməməsinə səbəb, yahudilərin peyğəmbərlə əhdi pozduqda peyğəmbərin onları cəzanlandırmasını rahat qınaması üçündür. 2

Munirin Nəqli

Muirin kitabını gözdən keçirəndə görürük ki, onun qeyd etmədiyi hadisələrdən biri də Allah Rəsulunun ərəb tayfalarına İslamı qəbul etməyi təklif etdiyində baş verir. Allah Rəsulunun əmisi Əbu Talib və xanımı Xədicə ona peyğəmbərlik veriləndən on il sonra vəfat edirlər. On il gecə gündüz dəvət etdiyinə baxmayaraq o zaman Məkkə əhlinin sadəcə az bir qismi İslamı qəbul etmişdi. Bu zaman Allah Rəsulu həcc mövsümündə Məkkəyə gələn digər ərəb tayfalarına peyğəmbər olduğunu deyir və onları İslamı qəbul etməyə, ona Allahın kəlamı olan Quranı insanlara sərbəst şəkildə çatdırmağa yardım etməyi təklif etməyə başlayır. Buraya qədər olan hissəni Muir bizə nəql edir. 3

Buradan sonrasını peyğəmbərin ən məşhur sirasını (həyat tarixçəsini) yazan ibn Hişəmdən öyrənirik: Allah Rəsulunun bu təklifi etdiyi qəbilələrdən biri də bənu Amir ibn Sa`sa qəbiləsi idi. Bu qəbilədən olan Beyhara ibn Firas adlı şəxs bu təklifi eşidəndə (öz qəbiləsinə) dedi: “Allaha and olsun ki, bu gənci götürsəm ərəbləri onunla yeyərəm.” Sonra Peyğəmbərə dedi: “Əgər biz sənə beyət etsək, sonra Allah sənə müxaliflərin üzərində qələbə versə, səndən sonra bu səltənət bizim olacaqmı?” Allah Rəsulu cavab verdi: “Bu iş Allahındır, onu istədiyinə verər.” Bunu eşidəndən sonra bu qəbilə də ona yardım etməkdən imtina edir. 4

Muir sizcə bu hissəni niyə qeyd etməyib?

Bəs sizcə Muir bu hissəni niyə qeyd etməyib? O, kifayət qədər zəkalı insan idi və çox gözəl başa düşürdü ki, bu qissə onun Allah Rəsuluna verdiyi vəsflə heç cür uyğun gəlmir. Muirə görə Allah Rəsulu sadəcə dünya qazancı üçün peyğəmbərlik iddia etmişdir. Peyğəmbəri qoruyan əmisi ölmüş, Qureyş qəbiləsinin ona verdiyi əziyyət şiddətlənmişdir. Əgər Allah Rəsulu yalançı olsa idi bu təklifi niyə görə rədd etməli idi ki? Bu qəbilə ona öz başçıları olmağı təklif edir, məgər Muirə görə Allah Rəsulunun qəbilələrdən istədiyi də bu deyildimi?

Kimsə Allah Rəsulu səltənətin öz ailəsində olmasını təmənni edirdi deyərək etiraz edə bilməz. Çünki:
1) Allah Rəsulunun həyatından bilinir ki, o vəfat etdiyində artıq ərəblərin başçısı olmuşdur və ailəsinə nəinki mülk, bir dirhəm belə saxlamamışdır;
2) Allah Rəsulu Allah adından yalandan danışası olsa idi, bu qəbiləyə də yalandan “bəli səltənət sizin olacaq” deyib ərəblərin başçısı olandan sonra mülkü istədiyinə vəsiyyət etməyə nə mane olurdu?

Bəlkə də İslam haqda “mədəniyyətə heç bir zaman töhfə verməyib və heç bir zaman da verməyəcək, (çünki o) daima haqqa ziddir”  5 deyən adamdan başqa bir şey də gözləməməli idik.

Lakin, biz gərək bunun üzərində düşünək və özümüzə sual verək:

Yalançı biri belə edərdimi?

Dipnotlar

  1. Watt, William Montgomery (1961) Muhammad – Prophet and Statesman, Oxford, Oxford University Press, p. 244
  2. Buaben, Jabal Muhammad (1996) Image of the Prophet Muhammad in the West: А Study of Muir, Margoliouth and Watt, Leicester, The Islamic Foundation, p. 37
  3. Muir, William (1878) The Life of Mahomet from Original Sources, Smith, Elder and CO. London, p. 102
  4. Abdus Sələm Harun, 1985, Təhzib Sirə ibn Hişəm, Dar Buhus İlmiyyə, Kuveyt, səh. 100
  5. Muir, William (1897) The Muhammedan Controversy, Edinburgh, T. & T. Clark, p.48