Keçən yazımızda “Şər probleminin” sırf fəlsəfi tərəfini ələ aldıq və bu arqumentin nə qədər əsassız olduğunu göstərməyə çalışdıq. Məsələnin emosional tərəfi isə şübhəsiz ki, mömin insanlara ağır gəlir. Genetik xəstəliklərdən, aclıqdan, təbii fəlakətlərdən və sair şərdən əziyyət çəkən və ölən minlərcə məsum insanı, ələxsus da uşaqları gördükdə sağlam fitrətli insan üzülmədən qala bilməz.
Lakin biz daim xatırlamalıyıq ki, Allah insanları yaradıb və onlara analarından belə daha Mərhəmətlidir. Səhih hədisdə Allah Rəsulu səhabələrinə uşağını itirdikdən sonra tapıb ona bərk sarılan ananı göstərir və deyir: “Bu ananın övladını oda atacağını düşünə bilərsizmi”? Səhabələr belə bir şeyin mümkünlüyünü inkar etdikdə, Allah Rəsulu “Allah sizlərə bu ananın balasına rəhmət etdiyindən daha rəhimlidir” deyir.
Bəli, bəzən biz müəyyən şərin mövcudluğunun hikmətini anlamaya bilərik, lakin bu Allahın Rəhmətini inkar etməyə səbəb deyildir. Uşağının yarasına dağ basan və ya onu sağaltmaq üçün ona ağrı verən əməliyyata razı olan valideyni düşünün. Uşaq valideyninin ona nəyə görə əziyyət verəcəyini başa düşməz, lakin məgər bu valideynin rəhmətinin olmamasının göstəricisidir?
“Şərin” hikmətləri
İslam alimlərinin şərin mövcudluğunun bizə məlum olan hikmətlərini müzakirə etmişlər. Onlardan bəzilərini qeyd edək:
“İmtahan”
1) Dediyimiz kimi bu dünya Allaha ibadət və imtahan üçün yaradılıb. Allah Ona yalnız xoş gündə deyil, həmçinin şər ilə üzləşəndə də ibadət edilməsini istəyir. Hər hansı bir imtahan ilə üzləşdikdə qulunun Ona imanını qoruyacağını və ya Onu inkar edəcəyini sınayır. Video sahibinin “hər bir xəstəliyə imtahan deyə bilərik, amma balaca uşaqların genetik xəstəliklərinə imtahan deyə bilmərik” deməsi isə onun dar düşüncəsindən irəli gəlir. Bu adam başa düşmür ki, imtahan olunan sadəcə xəstəlikdən əziyyət çəkən deyil, əksinə, bu halı müşahidə edən insanlar da imtahan olunurlar. Xəstə doğulmuş uşağın özü deyil, ana-atası imtahan olunur.
Mütləq Qüdrətininin təzahürüdür
2)Şərin yaradılması Allahın mütləq Qüdrətininin təzahürüdür. Necə ki Allah xeyir yaratmağa Qadirdirsə, eyni cür şəri də yaratmağa Qadirdir. Həmçinin Allahın gözəl isim və atributları da şər nəticəsində bilinir. Allah Razzaq və Şafi`dir, yəni qullarına ruzi və şəfa verəndir. Xəstə və fəqir biri olmasa və şəfa ilə ruzini Allahdan istəməsə, Allahın bu isim və atributları zahir olmaz. Həmçinin Allah zülmkarlardan intiqam alandır, deməli bu xüsusiyətin zahir olması üçün zülmkarlar mövcud olmalıdır.
Nisbidir
3) Hər bir şey öz ziddi ilə bilinir. Batil olmasa, haqq bilinmədiyi kimi, yer üzündə şər olmadıqca xeyir bilinməz. Biz küfrün nə olduğunu bilməsək, Allahın bizə verdiyi iman nemətinin dəyərini bilmərik. Həmçinin, aclığın nə olduğunu bilməsək toxluğun, xəstəliyin nə olduğunu bilməsək sağlamlığın, əziyyətin nə olduğunu bilməsək rahatlığın və əmin-amanlığın nə olduğunu anlamarıq. Məhz bu səbəbə görə İslam alimləri qeyd edirlər ki, Allahın yaratdıqları arasında mütləq şər deyilən bir şey yoxdur, bütün şər nisbidir. İblis şərdir, lakin iblisin şər olduğunu anlayıb hidayət yolunu seçən insanlar üçün dolayılı yolla olsa belə xeyir hasil olur. Kafirlərin məsum insanları öldürməsi şərdir, lakin bu şərin nəticəsində onlarla savaşan və Allah qatında ən üstün məqamlara çatan insanlar peyda olunur. Aclıq və əziyyət çəkən uşaqların mövcudluğu onlara yardım edən, mənəvi və maddi dəstək olan xeyirxah insanları ərsəyə gətirir.
Daha böyük bəlanın qarşısı alınır
4)Müəyyən insanın başına gələn bir bəla daha böyük bir bəlanın qarşısını ala bilər. Misal üçün təyyarəsini qaçırdığı üçün şanssız olduğunu zənn edən, sonra isə təyyarə qəzaya uğradıqda heç də peşman olmayan insanların hekayələri bizə məlumdur. Hətta ölən körpələr üçün ölümləri həyatlarından daha xeyirli ola bilər: yaşasaydılar daha əziyyətli bir həyatla qarşılaşa və ya əksinə özləri zülmkar olub Axirətdə daha böyük bir bəlaya düçar ola bilərdilər. Bizim bütün bunları bilməməyimiz bizi Allahı inkar etməkdə haqlı etməz.
Günahlara kəffarə
5)İnsanın başına gələn müsibətlər onun günahlarının kəffarəsi və Axirətdə Cənnətin ən yüksək məqamlarına çatmasına səbəb ola bilər. Bir hədisdə deyilir ki, insanlar Qiyamət Günü dünyada bəlalarla üzləşib onlara səbr edən kəslərin dərəcələrini gördükdə bir daha dünyaya qayıdıb ətlərinin qayçılarla kəsilməsini və buna səbr etmələrini təmənni edəcəklər.
Düşündürən müsibətlər
6)Şərin bir hikməti də insanların Allaha qayıtması, küfrdən və günahlardan uzaqlaşmalarıdır. İnsanların bəziləri nemətin dəyərini bilməz, nemət çoxaldıqca onların küfrü və özbaşnalığı çoxalar, lakin başlarına gələn müsibət onları düşünməyə və sonda Allaha qayıtmağa səbəb olur. Şübhəsiz ki, bu dünyada əziyyət çəkib, Axirətdə Cənnəti qazanmaq bu dünyada heç bir zaman bəla görmədən Cəhənnəmə girməkdən daha xeyirlidir. Allah deyir:
“İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar”
Rum, 41
Bu, Allahın şəri yaratmasında olan hikmətlərindən bizə məlum olanların sadəcə bir hissəsidir. Allahın bizə məlum olmayan sirlərini isə təsəvvür edə bilmərik. Allah buyurur:
“Sizə yalnız az bir bilik verilmişdir”
İsra, 85
Cavab yaz