“Hər İnsan Ateist Olaraq Doğulur” İddiası: Fitrət Arqumenti

“Hər insan ateist olaraq doğulur və ancaq sonradan müəyyən təsirlərlə inanclı olur.”
Yəqin ki, ateistlərin bu iddiasını eşitmisiniz. İddianı bir az açsaq, ateistlər bununla demək istəyirlər ki, insanlar sadəcə olaraq doğulduqdan sonra ətrafındakı insanların onlara etdiyi müəyyən təlqinlər vasitəsilə inanc sahibi olurlar.

Oxford Universitetinin Antropologiya və Zehin Mərkəzinin baş tədqiqatçısı, pisixoloq Justin L.Barrett uzun illər apardığı araşdırmalardan sonra gəldiyi nəticələr əsasında bir neçə kitab yazıb. Müəllif qeyd edir ki, Allah inancı zehnimizin dərinliklərində anadangəlmə mövcud olan fenomenlərlə əlaqəlidir.1 “Born Believers: The Science of Children’s Religious Belief” adlı kitabında o, iddia edir ki, insanlar tanrı inancını sadəcə doğulduqdan sonra onlara ətrafındakılar tərəfindən edilən təlqinlər vasitəsilə qazanmırlar, əksinə doğuşdan etibarən dünyada hər şeyin bir məqsədlə yaradıldığını zənn etdikləri üçün ali bir varlığa inanmağa meyilli olurlar. Prof. Barret azyaşlı uşaqların heç bir təsir olmadan, hətta kimsəsiz adada belə böyüdükdə özünün “təbii din” adlandırdığı bir məfhuma inandıqları nəticəsinə gəlir. Bu inanc bütün kainatı yaradan bir Varlığın olması fikrinə söykənir. 

“Uşaqların zehni və fövqəltəbii inancları mövzusunda edilən elmi araşdırmalar onların fövqəltəbii faktorlara inamı asanlaşdıran bir zehnə çox tez və rahat yolla sahib olduqları nəticəsinə varır. Xüsusilə doğuşdan sonrakı ilk ilində uşaqlar failləri və fail olmayanları fərqləndirir, başa düşürlər ki, faillər məqsədlərə çatmaq üçün məqsədyönlü şəkildə hərəkət edə bilir. Kifayət qədər dəlil sahibi olmasalar da, ətraflarında bir fail tapmağa can atırlar. Körpələr dünyaya gəldikdən az sonra təbii qüvvələrin və ya adi əşyaların deyil, məhz faillərin nizamsızlıqdan nizam yarada biləcəyini idrak edirlər. Uşaqlarda funksiya və səbəb axtarmağa olan meyillilik, həmçinin məqsəd və nizamın şüurlu varlıqlardan gəldiyini anlamaq hissi onları təbiət hadisələrinin məqsədyönlü şəkildə yaradıldığını düşünməyə vadar edir. Yaradıcı kimdir? Uşaqlar bunun üçün insanların yaxşı bir namizəd olmadığını anlayırlar. Bu bir Tanrı olmalıdır…”2

Yaradılış inancının fitri olması

Prof. Barret kitabında həmçinin qeyd edir ki, təcrübələrə əsasən uşaqlar yaradılışa da fitri olaraq inanırlar. Məsələn azyaşlı uşaqlar adi bir qartopudan böyük bir binanın əmələ gəlməsinə təəccüblənirlər və düşünürlər ki, bu hadisənin arxasında bir növ ağıllı varlıq olmalıdır”3 Uşaqların normal və təbii olaraq inkişaf edən ağılları onları ilahi yaradılışa və ağıllı dizayna inanmağa meyilli edir. 

Onu da qeyd edək ki Barretin iddiasını dəstəkləyən Ağıllı dizayn inancının fitri olması haqda elmi araşdırmalar çoxdur. Məşhur şotland filosof Thomas ReidAn Inquiry Into the Human Mind: On the Principles of Common Sense” adlı kitabında da eyni nöqtəyə diqqət çəkərək yaradılış inancının fitri olmasından geniş şəkildə söz açır.4

Dawkinsin etirafı

Maraqlıdır ki, məşhur ateist Richard Dawkins 2007-ci ildə Alabama Universitetində John Lennox ilə arasında baş tutan debatda məsələni Allahla əlaqələndirməsə də eyni mövzuya vurğu edir və deyir:

“Dünyanın heyrətamizliyi və onun necə meydana gəlməsi barədə düşündükdə təbii olaraq insanı bir qorxu, heyranlıq hissi bürüyür və demək olar ki, nəyəsə ibadət etmək ehtiyacı hiss edirsən. Bu hissi Carl Sagan, Einstein kimi alimlər də hiss ediblər. Hamımız kainatın gözəlliklərinə, həyatın mürəkkəbliyinə, qalaktikanın ucsuz-bucaqsız olmasına, zamanın əzəmətinə bir növ dini hörmət bəsləyir və heyran qalırıq. Bütün bu keçirdiyimiz hisslər bizdə nəyəsə ibadət etmək hissini oyadır və bütün bunları mütləq bir yaradıcıya aid etməyə ehtiyac duyursan…”5

Dawkinsin “təbii ibadət etmək hissi” deyə ifadə etdiyi ilahi varlığa meyilli hisslər İslamda fitrət (الفطرة) adlanır və ta doğulduğumuz andan bəri varlığımızın dərinliklərinə “kodlanmışdır”. Sahib olduğumuz bu fitrət Allahın varlığının ən böyük dəlillərindən biridir..

Dipnotlar

  1. Justin L. Barrett, Why Would Anyone Believe in God? (Walnut Creek, CA: AltaMira Press, 2004).
  2. Barrett, J. L. (2012) Born Believers: The Science of Children’s Religious Belief. New York: Free Press, səh. 35-36.
  3. Children are born believers in God, academic claims: https://www.telegraph.co.uk/news/religion/3512686/Children-are-born-believers-in-God-academic-claims.html
  4. Reid, T. Inquiry Into the Human Mind, 7nd Edition, Edinburgh: Maclachlan & Stewart, 1872.
  5. Richard Dawkins vs John Lennox | The God Delusion Debate: https://youtu.be/zF5bPI92-5o (21-ci dəqiqə)