Photo credit: NASA

Sadəcə insanlıq üçün bu boyda kainatı yaratmağa nə ehtiyac var idi?

Neoateizm cərayanının məşhur nümayəndələrindən olan Victor J. Stenger kitablarının birində Tanrı inancını tənqid mahiyyətində qeyd edir ki, əgər kainatı bir yaradıcı yaradıbsa, o zaman niyə onun böyük hissəsi boşuna yaradılmış kimidir?1 Başqa sözlə, Stenger demək istəyir ki, bir yaradıcı – varsa əgər – niyə sadəcə bir dünya (insanlıq) üçün bu qədər planet və bu boyda sistem yaradıb? Stenger daha sonra müxtəlif kosmik ölçüləri müqayisə edərək Yerin digər kosmik varlıqlarla müqayisədə bir zərrə belə hesab edilməyəcək qədər kiçik olduğunu, dolayısilə digər qalan şeylərin sadəcə boşuna yaradıldığını qeyd edir. Məsələn,  kainatın diametrinin 150 milyard işıq ilindən çox olduğunu söyləyən Stenger Yerin diametrinin sadəcə 12 min kilometr olduğunu vurğulayır. O düşünür ki, doğru yaradılış 150 milyard ilə 12 min arasında ola bilməz. 

Bütün bunlardan nəticə olaraq Stenger  o qənaətə gəlir ki, bir yaradıcı olmamalıdır. Sadəcə insanlıq üçün bu genişlikdə bir kainatın yaradılması ateistlər üçün yaradıcı inancı ilə təzad təşkil edir. 

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, arqument xatirinə kainatın böyük bir hissəsinin boşuna yaradıldığını qəbul etsək belə, bu heç bir şəkildə yaradıcının yoxluğuna dəlil ola bilməz. Olsa-olsa onun hikmətsiz olmasına dəlil sayıla bilər. Belə ki, yaratma ilə yaradılanın hikmətli olması arasında heç bir korrelyasiya yoxdur. Bunlar yaradıcının ayrı-ayrı, bir birindən müstəqil xüsusiyyətləridir.

İkincisi, Stengerin burada ölçü üzərindən müqayisə aparması yanlışdır. Çünki bir şeyin dəyəri onun ölçüsündən heç bir şəkildə asılı deyildir. Məsələn, Allah Quranda bizə insanın ən dəyərli varlıq olduğunu bildirir. Belə bir dəyərli varlıq üçün – ölçüləri nə boyda olur olsun – varlıqların, cisimlərin yaradılması israf deyil, əksinə, məntiqə uyğundur. Biz insanlar belə gündəlik həyatımızda sevdiyimiz, dəyər verdiyimiz insanlara onların dəyərli olduğunu hiss etdirmək üçün böyük şeylər hədiyyə etmək ehtiyacı hiss edirik. O zaman sonsuz qüdrət sahibi olan Allah niyə yaratdığı ən dəyərli varlıq olan insanlar üçün belə bir möhtəşəm sistem yaratmasın ki ?

Üstəlik, söhbət müşahidə edilə bilən mikro və makro aləmdən gedirsə, Yer kürəsinin heç də kiçik olmadığını qeyd etmək lazımdır. Çünki, müşahidə edilən mikroskopik aləmin miqyasi makroaləmin miqyasından daha böyükdür. Belə ki, kainatın müşahidə olunan böyüklüyü təxminən 100 milyard işıq ili (10¹¹) böyüklüyündədir. Nəzəri olaraq ən kiçik müşahidə ölçüsü isə Planck uzunluğudur. (6.626 × 10−34)

Bu şəkildə yaradılışın hikməti

Yaradılmışların möhtəşəmliyi, ehtişamı Yaradanın qüdrətinə və elminə işarə edir. Quranda Allah göylərin və yerin əzəmətli şəkildə yaradılışını özünün qüdrət nişanəsi olaraq vəsf edir. “Şübhəsiz, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük bir işdir. Lakin insanların çoxu bunu bilməz.” (40:57) Elmin daha da inkişaf etməsi ilə kainat haqda bilgilərimiz artdıqca, yeni qalaktikalar, sistemlər kəşf edildikcə Allahın qüdrətinə olan heyrətimiz də artmaqdadır. Maraqlıdır ki, çox yayğın olan mənasından daha geniş bir məna ehtiva edən ayə kəliməsi də Quranda sadəcə Quran ayələri mənasında yox, əlavə bir neçə mənada da işlənir. Kainatın bu şəkildə möhtəşəmliyi, ulduzlar, qalaktikalar da özlüyündə Allahın ayələridirlər. Allah bizdən bu ayələrə baxaraq onu tapmağımızı, ona yönəlməyimizi istəyir. 

Yaradılmış belə bir ehtişamlı sistem, nəhəng ulduzlar, qalaktikalar eyni zamanda biz insanlara insanların nə qədər zəif, aciz olduqlarını da göstərir. Kanadalı yazıçı Manly P. Hall “Mikroskop insana əhəmiyyətini, teleskop isə əhəmiyyətsizliyini göstərdi.” deyərkən də məhz insanın kainat qarşısında bu acizliyini nəzərdə tuturdu. Bütün bunlara baxmayaraq belə bir heyrətamizliyi görüb də ağlını işlətməyən Stenger kimilər daxillərində kainat böyüklüyündə eqo daşıdıqları üçün hər şey bir yaradıcıya işarə etsə belə, onu qəbul etmək istəmirlər və eynilə bu ayədə qeyd edildiyi kimi davranırlar:

“Göylərdə və yerdə (Allahın varlığını və birliyini göstərən) neçə-neçə dəlillər vardır ki, (insanlar) onların yanından üz çevirib keçərlər.” (12:105)

Dipnotlar

  1. Victor J. Stenger – God: The Failed Hypothesis, Prometheus Books, 2007. p 156