Barnabas incili nə qədər etibarlıdır?

İyirminci əsrin əvvəllərində ingilis dilinə tərcümə edildikdən sonra Barnabas incili müsəlman dünyasında xüsusi bir maraqla qarşılandı və bu günə qədər xristian-müsəlman polemikasında bu kitab geniş bir şəkildə istifadə edilir. Daha dəqiq desək müsəlmanlar incilin bu variantını İslam dininin leyhinə xristianlara qarşı arqument olaraq istifadə edirlər. Lakin Barnabas İncili olaraq tanınan bu kitaba etibar etməyimiz nə qədər doğrudur? Bu yazıda sözügedən suala cavab verməyə çalışacağıq.

Bu gün Barnabas incili olaraq tanıdığımız kitab ilk dəfə Avropada 18-ci əsrlərdə qələm sahibləri tərəfindən müzakirə olunmağa başladı. Bu kitabın iki əlyazması olduğu bilinir; bunlardan biri italiyan dilində, digəri isə ispan dilindədir. İtaliyan əlyazması 1907-ci ilində Lonsdale və Laura Ragg tərəfindən təhqiq olundu və ingilis dilinə tərcümə olunaraq çap olundu. Müqəddimədə verilən məlumatlara əsasən italiyan nüsxə J.F. Cramer tərəfindən Amsterdamda ikən satın alınmış və 1709-cu ildə məşhur ingilis yazıçı John Tolanda iarə edilmişdi. Dörd il sonra, 1713-cü ildə Cramer bu əlyazmanı Savoy’lu şahzadə Eugene’ə satır və bu əlyazma sonunda 1738-ci ildə şahzadənin kitabxanasının tərkibində Vyannadakı saray kitabxanasının ixtiyarına keçir. İspan dilində olan əlyazmanı isə ingilis orientalist George Sale 1734-cü ildə Quran tərcüməsinin müqəddiməsində qeyd edir və haqqında məlumat verir. Sale’in verdiyi məlumatlara əsasən ispan dilində olan əlyazmanı ona Hampshire’dakı Hedley məktəbinin direktoru Dr. Holme verib.1 Daha sonra o, Oxford universitetindəki Queen kollecinin üzvü Dr. Thomas Monkhouse’un əlinə keçib, o isə öz növbəsində əlyazmanın mətni və bir tərcüməsi haqqında 1784-cü ildə Bampton məktəbində mühazirəçi olan Dr. White’a xəbər verib. Dr. White səkkizinci mühazirəsində bu əlyazmayası istinad edir və mühazirəsinin sonluğunda ingilis dilindəki tərcümədən bir neçə iqtibaslar gətirir.2George Sale özü ispan əlyazması haqqında bunları yazır: “Kitab orta həcmli bir kvartodur3, ispancadır, çox oxunaqlı bir əl yazısı ilə yazılmış, ancaq ikinci ucuna doğru olan hissə biraz zədələnib. Fərqli həcmlərdə iki yüz iyirmi iki bölüm və dörd yüz iyirmi səhifədən ibarətdir; və girişində Mustafa de Aranda adlı arragonyalı bir müsəlman tərəfindən italyancadan çevrildiyi deyilir. Bu əlyazmanın girişində bir önsöz yer alır ki, orada orijinal əlyazmanı kəşf edib üzə çıxaran Fra Marino adlı bir xristiyan keşiş bizə, (başqalarının yanı sıra) Ireneus’un bir yazısıyla təsadüfən qarşılaşdığını deyir; orada Müqəddəs Pavel əleyhinə danışdığını iddia edir, bunun üçün Müqəddəs Barnabasın incilini əsas gətirir. O, bu incili tapmağı ziyadəsiylə arzuladı; və Allahın lütfü olaraq onu papa beşinci Sixtus ile çok yaxınlaşdırdığı üçün, bir gün, onlar papanın kitabxanasında birlikdə ikən, zatı həzrətləri yuxuya daldı və o, özünü məşğul etmək məqsədi ilə, oxuyacaq bir kitab tapmaq əlini uzatdı; əlinə keçən ilk kitabın tam da axtardığı İncil olduğu üzə çıxdı. Buna çox sevinərək, mükafatını ətəyinin içinə gizlətməkdə tərəddüd etmədi və papa oyandıqda, o səmavi xəzinəni yanında götürərək ona vəda etdi. Onu oxuyaraq müsəlmanlığı qəbul etdi.”4

Barnabas incilinin xəbəri müsəlman dünyasına ilk dəfə hindistanlı müsəlman alim Rahmətullah əl-Keyranavi’nin (1834-1891) kitabı vasitə ilə çatıb.5 Osmanlı sultanı Abduləziz’in sövqü ilə yazdığı “İzhar əl-Haqq” adlı bu kitabı 1864-cü ildə həm türk, həm də ərəb dilində işıq üzü gördü; kitab Hindistanda missioner fəaliyyəti aparan Karl Gottlieb Pfander’in “Mizənul-Haqq” kitabına yazılmış bir cavab idi və tədricən xristianlara qarşı yazılmış kitablar arasında tədavülü ən yayğın olan kitablardan birinə çevrildi.6 Hindistan coğrafiyasında dərhal digər müsəlman yazıçılar da bu məlumatları arqument kimi istifadə etməyə başladılar. Onların arasında ən məşhuru Siddiq Həsən Xas əl-Qinnəvci 1874 və 1876-cı illərdə çap etdiyi “Fəthul-Bəyan” adlı təfsirində bu İncildən iqtibas edir.7 Lakin bu müəlliflər Barnabas incili haqqında yazarkən o kitab müsəlman dünyasında tam bir şəkildə mövcud deyildi. Əksər hallarda ingilislərin ədəbiyyatına vaqif olan hindistanlı alimlər bu məlumatları George Sale’in müqəddiməsindən götürürdülər. Bu vəziyyət tezliklə dəyişəcəkdi. 1907-ci ildə Lonsdale və Lauranın təhqiqi ilə Barnabas incili ingilis dilində çap olunduqda misirli müsəlman alim Raşid Rida onun bir nüsxəsini əldə edir. O, suryani-ortodoks xristian olan Xəlil Saadə’dən kitabı ərəb dilinə tərcümə etməyi xahiş edir, kitab elə həmin il, yəni 1907-ci ildə tərcümə edilir, 1908-ci ildə Mənar kitab evi tərəfindən nəşr olunur.8 Raşid Rida kitabı tam çap etmədən əvvəl əl-Mənar jurnalında ondan iqtibaslar paylaşırdı və müsəlmanları qarşıdan gələcək çapın müjdəsini verirdi. Barnabas incili haqqında məlumat verərək onun İslam qaynaqlarına müvafiq olduğuna diqqət çəkirdi və bunun misallarını verirdi; bu incildə İsa Allahın tövhidinə dəvət edir, xaça çəkilməsini inkar edir və Muhəmməd peyğəmbərin gəlişini öncədən xəbər verir. Raşid Rida bəzi yazılarında, o cümlədən təfsir kitabında bir çox yerdə9 bu İncilə əsaslanır və onu xristian kitabları içində ən etibarlı qaynaq hesab edir. Barnabas İncilinin ərəb dilinə tərcüməsindən sonra artıq müsəlman yazıçılar arasında ciddi rəvac qazandı. Xüsusilə əzharlı alim Muhəmməd Əbu Zəhra (1898-1974) “Muhədarat fi ən-Nəsraniyyə” kitabında bu İncili doğru incil olaraq təbliğ edirdi. Həmçinin suriyalı İslam alimi Cəməluddin əl-Qasimi (1866-1914) “Məhəsinut-Təvil” adlı təfsirində Barnaba incilini birdən çox yerdə referens olaraq göstərir.10Əgər müsəlman müəlliflərin kitablarında “Barnabas İncilinə” edilmiş referenslər, ordan alınmış iqtibaslara misal verməli olsaq çox cildli kitab yazmağa ehtiyac yaranar. Burada qeyd etdiklərimiz bizə onu göstərir ki, bu kitab müsəlman dünyasında ciddi bir etibar qazanıb.

Müsəlman dünyasından kənarda isə bu kitab haqqında heç bir etibar qazandırıcı məlumat yoxdur və qeyri-müsəlman akademiklər bu gün əlimizdə olan Barnabas incilinin orta əsrlərə aid bir saxta olduğunu deyirlər. Bu kitabın orijinallığına inanmaq istəyənlər qeyri-müsəlman akademiklərin araşdırmalarına nəzər salmadan, onların yazdıqlarını və arqumentlərini analiz etmədən müsəlman dünyasındakı müəlliflərin dedikləri ilə kifayətlənmək istəyirlər. Bunun üçün “ciddi elmi araşdırma” adı ilə bəzi kitabları referens göstərirlər. Bu referens kitablardan biri Suud bin Abdilaziz əl-Xaləf’in yazdığı “Yəhudi və Xristian Dinləri ilə Bağlı Araşdırmalar” adlı kitabıdır. Digəri isə on altı əzharlı şeyxin yazdığı “İslamın Gözəllikləri” adlı bir ensiklopediyadır. Misal üçün Suud əl-Xaləf kitabında bu incil haqqında danışarkən onun haqqındakı ən qədim məlumatın miladi 492-ci ilə getdiyini deyir: bu ildə birinci Gelasius’un qadağan etdiyi kitablar arasında “Barnabas incili” də zikr olunur. Daha sonra onun haqqında heç bir məlumatın gəlmədiyini və bir də yalnız on yeddinci əsrdə yenidən bu kitabın xəbəri ortaya çıxıb. Daha sonra Suud əl-Xaləf yuxarıda qeyd etdiyimiz keşiş Fra Marino’nun hekayəsini nəql edir. Bundan sonra kitabın italyan və ispan dilindəki əlyazmaları haqqında yuxarıda qeyd etdiyimiz məlumatlara yer verir. Bütün bu məlumatlar üçün oxucunu xristian Xalil Səadənin “Barnabas İncilinin” ərəbcə tərcüməsinə yazdığı müqəddiməsinə yönəldir.11 Əzharlı müəlliflərin yazdığı məlumatlara baxdıqda ilk diqqətimizi çəkən məsələ bu olur ki, onlar bu mövzuda yoğun şəkildə Muhəmməd Əbu Zəhra’nın “Muhədarat fin-Nəsraniyyə” kitabına əsaslanırlar. Bu əzharlı şeyxlər araşdırmalarında qaynaq kitablara qayıtmırlar. Bunu deməyimizin bir neçə səbəbi var: Kitabda Barnabas incili ilə bağlı əksər istinadlar məhz Əbu Zəhranın kitabındandır. Əbu Zəhra harada xəta edibsə onlar da eyni xətanı olduğu kimi köçürüblər. Misal üçün italyan nüsxəsi haqqında danışarkən yazırlar ki, guya həmin nüsxə “oriyentalist Cramer’in bütün kitabları ilə birlikdə 1738-ci ildə Vyanadakı kraliyyət kitabxanasına keçib.” Halbuki bütün kitabxanasının Vyanaya köçürüldüyü şəxs Cramer yox, Savoy’lu şahzadə Eugene olub. Suud Xaləf burda doğru məlumat verib, əzharlılar xəta ediblər. İspaniya dilindəki nüsxə haqqında yazarkən latın rahibinin adını Fra Mino olaraq qeyd edirlər. İspaniya dilindəki nüsxə haqqındakı daha bir xəta budur ki, onun ingilis dilinə George Sale tərəfindən tərcümə edildiyi qeyd olunur, lakin doğru məlumat budur ki, onu ingilis dilinə çevirən Dr. Thomas Monkhouse olub. Muhəmməd Əbu Zəhra’nın kitabına nəzər saldığımızda görürük ki, eyni xətalar orada da mövcuddur.12 Suud Xaləf kitabında ispaniya əlyazması haqqında xəbər verərkən onun yox olmasını, itməsini qeyd edir və əlbəttə ki, bu məlumatı da iyirminci əsrin əvvəlində yazmış Xalil Səadə’nin müqəddiməsindən götürür. Suud Xaləf ciddi bir araşdırma etsəydi bilərdi ki, kitabın ispan dilindəki versiyasının yarısı 1976-cı ildə Sydney universitetində tapılıb. Bu, əslində George Sale’in gördüyü nüsxənin eynisi deyildir, lakin onun 18-ci əsrdə köçürülmüş bir hissəsidir.13

Əzharlı şeyxlərin yazdıqları “ensiklopediyada” verilən məlumatlar içində həmçinin deyilir: “366-cı ildə Papa Damasus’un Barnabas İncilini oxumamaq barədə əmri sadir oldu və bunun eynisi 382-ci ildə qərb kilsələri sinodu tərəfindən verildi. Bunun eynisi həmçinin 465-ci ildə Papa Innocent tərəfindən sadir oldu və eləcədə 492-ci ildə Papa Gelasius bəzi incilləri oxumağı qadağan etdi və onların arasında Barnabas İncili də var idi.”14 Bu iddianın bəzi ciddi problemləri vardır. Problem isə bundan ibarətdir ki, əslində burada üç fərqli qadağa olaraq qeyd edilən “tarixi faktların” hamısı bir qaynağa dayanır. Bu qaynaq “Gelasius dekreti” olaraq tanınır. 492-ci ildə papa seçilmiş Gelasius 496-cı ildə vəfat edib. Ona nisbət edilən bu dekret beş fəsildən ibarətdir; birinci fəsil İsa Məsih və Müqəddəs Ruh haqqındadır. İkinci fəsil kanonik kitablarla bağlıdır. Üçüncü fəsil xristianlığın üç əsas katedral şəhərləri, Roma, İskəndəriyyə və Antakya haqqındadır. Dördüncü fəsil qəbul olunmuş kitabları, beşinci fəsil isə apokrif kitabları qeyd edir. 1794-cü ildə F. Arevalo yeni bir nəzəriyyə irəli sürdü, bu nəzəriyyəyə görə ilk üç fəsil Gelasius’dan bir əsr əvvəl yaşamış papa Damasus nəzdində çağırılmış roma şurasının dekretləridir. Lakin Ernst von Dobschütz 1912-ci ildə çap etdiyi araşdırmasında bunun belə olmadığını, nə ilk üç fəslin, nə də ümumilikdə kitabın hamısının roma papalarından heç birinin dekreti olmadığını, lakin altıncı əsrin ilk yarısında naməlum bir yazıçının məhsulu olduğunu isbat etdi. Damasus’a nisbət edilən hissənin ona aid olmadığını – misal üçün – sübut edən faktlardan biri də budur ki, orada Augustine’ə aid olan uzun bir sitat keçməkdədir və məlumdur ki, Augustine 416-cı ildə yazıb. Damasus’a aid olduğu iddia edilən hissələr ona aid ola bilməzdi. Francis Burkitt resensiyasında Dobschütz’ün gəldiyi nəticə ilə tamamilə razılaşır və qeyd edir ki, “beləliklə də bu məşhur siyahılar heç bir papa fərmanını təmsil etmir, lakin altıncı əsrdə yazmış naməlum bir alimin məhsuludur.”15 Dobschütz hətta qeyd edir ki, naməlum müəllif, qınadığı apokrif kitabların çoxunu oxumayıb, heç görməyib. Müasir akademiklər Dobschütz’ün qənaəti ilə razılaşırlar.16 Daha da maraqlı olan fakt budur ki, burada 366-cı ildə Damasus qərarı, 382-ci ildə isə Qərb kilsələri qərarı olaraq qeyd edilənlər əslində iki ayrı şey deyildir; 366-cı il Damasus’un papa seçildiyi ildir, 382-ci ildə “şərq və qərb kilsələri” toplanıblar. Bu sinodun Damasus tərəfindən çağırıldığı və ya orada ümumən hansısa kitabların kanonik, digərlərinin isə apokrif olmasına dair bir qərar çıxarıldığı bilinmir. Geoffrey Hahneman araşdırmasında bu sinod ilə bağlı qaynaqlarda keçən məlumatlara toxunur və qeyd edir ki, bunların heç birində belə bir qadağadan söz getmir. Üstəlik bu tarixdə məşhur Jerome yazıb fəaliyyət göstərirdi və onun kitablarında heç yerdə bununla bağlı bir məlumat keçmir. Üstəlik Hahneman əlavə edir ki, Dionysius Exiguus öz məcmusunda Gelasiusun fərmanlarını və dekretlərini topladığı halda heç yerdə sözü gedən dekret haqqında danışmırş “Beləliklə də” – Hahneman yazır: “görünür ki, hər iki dekret Gelasius’un ölümündən sonra yazılıb və yalnız sonradan Romanın erkən dövründəki yepiskoplara nisbət olunub.17 Papa Innocent’ə 465-ci ilin dekretini nisbət etməyə gəldikdə isə bu aşkar bir xətadır, çünki sözü gedən papa 417-ci ildə vəfat edib. Beləliklə də sirkdə sehrbazlar papaqdan dovşan çıxardıqları kimi ərəb dilindəki “ən mötəbər akademik kitablardan biri” altıncı əsrə aid bir qaynaqdan üç ayrı kilsə qadağası çıxarır. Bu iddiaları üçün nəyə əsaslandıqlarına baxdıqda Muhəmməd Avad’ın “əl-İxtiləf val-İttifəq beynə İncil Bərnəbə val-Ənəcil əl-Arbaə” kitabına referens veriblər, lakin göstərdikləri səhifəyə baxdım və Avadın kitabında belə bir şey tapa bilmədim. Çox təəssüf ki, müsəlman dünyasında “Əzhar” universiteti və ya “Mədinə” universiteti adı altında çap olunan materiallar sorğusuz bir rəğbət görür. Əlbəttə ki, islami elmlərdə bu universitetlərin yetirmələri ciddi kitablara imza atıblar, lakin mənbələri latın, yunan və başqa dillərdə olan mövzularda axtardığımız potensial bu universitetlər mövcud deyildir. Ona görə də bu cür xətalarla qarşılaşırıq.

Bütün bunlar bizə Gelasius’un və ya daha əvvəlki papaların Barnabas İncilini qadağan etmədiklərini göstərsə də ən azından altıncı və ya yeddinci əsrlərdə belə bir İncilin adını keçdiyini görürük. Lakin bu məlumat bizə heç bir kömək etmir, çünki biz, adı keçən Barnabas incilinin bu gün əlimizdə olan və əlyazması italyanca olan Barnabas incili ilə eyni olduğunu bilmirik. Ümumiyyətlə Barnabas incili ilə qəsd olunanın kiprlilərin əfsanəsində deyildiyi kimi Barnabasın cəsədi üzərində tapılmış Matta incili qəsd olunur yoxsa Barnabasın özünün yazdığı incil qəsd olunur, bunu da bilmirik. Çünki həmin incildən tək bir cümlə belə heç bir qədim qaynaqda sitat gətirilmir; nə xristian, nə də müsəlman qaynaqlarında belə nəql yoxdur. Ona görə də qarşımızda qalan 16-cı əsrə aid edilən italyan nüsxəsidir. Burada Suud və əzharlıların arqumentlərindən birinə və bu arqumentin tutarsızlığına diqqət çəkmək lazımdır; həm Suud, həm də əzharlılar yazırlar ki, Barnabas incili roma papası beşinci Sixtus’un kitabxanasında olub və italyan keşiş Fra Marino onu orada tapıb və çıxarıb. Doktor Suud və əzharlıların bu arqumentlə bağlı demədikləri önəmli bir tərəf var; beləki bu məlumatları bizə George Sale ispan dilindəki nüsxənin müqəddiməsindən nəql edir və Sale’in verdiyi məlumatlar arasında bu keçir ki, ispanca olan nüsxəni Mustafa de Aranda adlı araqonlu bir müsəlman italyan dilindən tərcümə edib. Məhz həmin nüsxənin müqəddiməsində italyan nüsxənin Fra Marino tərəfindən tapılması hekayəsi keçir. Bu hekayənin müstəqil bir qaynaqdan gəlməməsi, ittiham olunan əlyazmanın özündən gəlməsi hekayəni şübhə altına almaq üçün qəti dəlil olmaya bilər, lakin hekayənin tərkibi problemlidir. Hekayəyə görə Fra Marino məşhur kilsə atası İrineus’un bəzi yazılarında “həvari” Paveli tənqid etdiyini oxuyub. Bu iddiadakı problem budur ki, İrineus’un bizim zamanımıza qədər gəlib çatmış kitabları mövcuddur və bu kitablarda İrineus nəinki Paveli tənqid etmir, onu ən əsas avtoritet kimi qəbul edir. Üstəlik guya Fra Marino kitabxanadan bir kitab götürmək istədikdə götürdüyü ilk kitab elə Barnabas incili olub. Maraqlıdır ki, nə əcəb Fra Marino islamı qəbul etdikdən sonra bu nüsxəni izhar etməyib və osmanlı müsəlmanlarına təqdim etməyib? Əgər bir xristian belə bir incili oxuyub müsəlman olubsa bunu niyə gizli saxlasın ki?!

İtalyan dilindəki əlyazmanı vəsf edən Lonsdale və Laura Ragg yazırlar ki, əlyazma görünüşdən “orientaldır,” yəni şərqə aiddir. Bu da əlyazmanın müsəlmanlar tərəfindən yazıldığına dəlalət edir. İspaniyalı və fransız mütəxəssislər qeyd edirlər ki, Barnabas İncilinin ispan dilindəki nüsxəsini yazan araqonlu bir müsəlman olub, bəlkə də Mustafa de Aranda’nın özü olub. Mikel de Epalza xəbər verir ki, ispan dilində olan bu variant ispaniyalı mühacir müsəlmanlar tərəfindən bilinirdi. Madrid Milli Kitabxanasında 9653 sayı altında saxlanan əlyazmada İspaniyadan qovulmuş və Tunisdə yerləşmiş İbrahim ət-Taybili adlı müsəlman ispan dilində yazır ki, peyğəmbərin gələcəyi haqqında müjdələr daha əvvəlki kitablarda mövcuddur. 1634-cü ilə aid olan bu yazıda ət-Taybili yazır: “(Peyğəmbərimizin xəbəri) xüsusilə Tövratda və yəhudilərin ispan dilində saxladıqları İncil’də mövcuddur. Xristianlar ona tabe olmasınlar və haqqı tapmasınlar deyə (Kilsə) onları oxumağı qadağan edir, buna görə də latın dilindədir. Eyni şey Müqəddəs Barnabas İncilində də vardır ki, orada işıq tapmaq mümkündür.”18 Bu, bizim bu gün bildiyimiz Barnabas İncilinə edilmiş ən qədim istinaddır. İtalyan nüsxəsinə gəldikdə isə John Toland qeyd edir ki, əlyazma türklərə aid olan material və üsluba əsasən hazırlanmışdı və səhifənin qıraqlarında doğru olmayan ərəbcə qeydlər yer alır. Bu onu göstərir ki, hər iki nüsxə müəyyən yolla müsəlmanlarla əlaqəlidir. Qəribə deyildir ki, avropalı alimlər əvvəldən bu İncili ciddiyə almayıblar. Belə bir incilin orijinal dillərdə tapılmaması, yalnız ispan və italyan dillərində tapılması da bu şübhələri gücləndirir. Məlumdur ki, İncilin ilk dəfə italyan dilinə tərcüməsi 1471-ci ildə Nicolo Malermi tərəfindən edilib.

Avropalı mütəxəssislərin bu İncilə etibar etməməklərinin, onun orta əsrlərin məhsulu olduğunu deməklərinin tutarlı səbəbləri mövcuddur. Bu barədə yazılmış materiallar az deyildir və biz onların hamısını burada təqdim etmək fikrində deyilik. Lakin iddia olunan bu incilin orta əsrlərə aid olmasını göstərən bəzi dəlilləri təqdim etməkdə fayda vardır:

Kitabda Adəm və Həvvanın Cənnətə yerləşdirilməsi haqqında keçən hissədə deyilir: “Onların hər ikisini (Allah) cənnətin ağaları təyin etdi və onlara dedi: “Baxın, mən sizə yeməyiniz üçün alma və buğdadan savayı hər meyvəni verirəm.”19 Məsələ burasındadır ki, yəhudilərin və xristianların mötəbər əsli qaynaqlarında heç yerdə qadağan olunmuş meyvənin alma olduğu keçmir. Yəhudi dilində olan Bibliyada keçən “peri” sözü sadəcə “meyvə” deməkdir. Yunan dilindəki Septuagint tərcüməsində meyvə mənasına gələn “karpos” sözü keçir, həmçinin latın dilinə edilmiş iki ən qədim tərcümədə “fructus” sözü keçməkdədir. Bibliyadakı meyvənin hansı meyvə olduğu müəyyənləşdirilməsə də Bibliyadan kənar qaynaqlarda əsasən iki meyvə qeyd olunur; üzüm və əncir. Miladdan əvvəl üçüncü əsrə aid edilən yəhudi apokaliptik Xanok kitabında (32:5-6), birinci əsrə aid edilən yunan dilindəki Barux adlı bir başqa apokaliptik kitabda (4:8), bizim eranın üçüncü əsrinə aid edilən İbrahim Apokalipsində (23:5-8) üzüm qadağan olunmuş meyvə kimi göstərilir. Üçüncü əsrə aid edilən Sifre Deuteronomy adlı şərh kitabı Ravvin Nehemiaya meyvənin üzüm olması rəyini nisbət edir. Digər tərəfdən isə bizim eranın üçüncü və yeddinci əsrləri arasındakı bir dövrə nisbət edilən və bizim zamanımıza yunan, latın, erməni, gürcü, slavyan və Qərbi Avropanın vernakulyar dillərindən gəlib çatmış “Adəm və Həvvanın Həyatı” kitabında isə qadağan olunmuş meyvənin əncir olduğu keçməkdədir. Bu mətndə mövzunun şahidi hesab olunacaq hissə bəzi qədim əlyazmalarda mövcud olmadığı üçün onların orijinallığı mübahisəlidir.20 Üçüncü əsrə aid edilən və suryani dilində yazılmış “Adəmin Şahidliyi” kitabının üç versiyasından birində Adəmin oğlu atasından meyvə haqqında soruşur və cavabında “əncir” meyvəsi olduğu deyilir. Həmçinin beşinci əsrdə Şimali Suriyada yaşamış keşiş Theodoret də bunun əncir olduğunu yazır. Əgər digər namizədlər axtarmalı olsaq buğda, limon, nar, xurma kimi meyvələr üçün də qaynaq tapmaq mümkündür, bunlar qaynaqlarda üzüm və əncir qədər məşhur olmasa da adları keçir, lakin almaya gəldikdə isə heç bir qaynaqda qadağan olunmuş meyvə alma ilə eyniləşdirilmir. Ona görə də qadağan olunmuş meyvənin alma ilə eyniləşdirilməsi orta əsrlərin Avropasına xas bir haldır. Latın Avropasında bu transformasiyanın necə baş verməsi haqqındakı nəzəriyyələr içərisində ən məşhur olanı bunu latın dilindəki tərcümə ilə əlaqələndirir. Gerhard von Rad yazır ki, “alma haqqında xəbərlər öz əslini Latın Xristianlığından alır və bu, “malus” (şər) sözünün “malum” (alma) sözü ilə səhv salınmasından qaynaqlana bilər.”21 Yəni dördüncü əsrdə Jerome Bibliya kitablarını yəhudi və yunan dilindən latıncaya çevirdikdə “xeyir və şər ağacı” sözündəki “şər” sözünü “malus” olaraq tərcümə etmiş, əsrlər sonra insanlar bu sözü “alma” (malum) olaraq qəbul ediblər. Avropada qadağan olunmuş meyvənin alma ilə eyniləşdirilməsi 12-ci əsrdə Fransada başlayıb, daha sonra İngiltərəyə, Almaniyaya və bundan 2-3 əsr sonra İtaliya və İspaniyaya yayılıb. Yuxarıda “malum” və “malus” nəzəriyyəsi ən məşhur nəzəriyyə olsa da burada daha bir izah mövcuddur. Azzan Yadin-İsrael bunun Fransada başlamasına yaxından nəzər salaraq qeyd edir ki, latın dilində “qadağan olunmuş meyvə” üçün işlənən ən yayğın söz “pomum” idi və fransız dilindəki “pom” sözü tədricən alma mənasını ifadə etməyə başladığı üçün insanların arasında bu inanc yayılmağa başladı.22 Bu nəzəriyyələrdən hansının doğru olmasından asılı olmayaraq tarixi fakt budur ki, qadağan olunmuş meyvəni alma ilə eyniləşdirmək orta əsrlərin Avropasına xas idi. Barnabas incilində də qadağan olunmuş meyvənin alma olduğunun keçməsi kitabın zaman və məkan baxımından hara aid olmasını müəyyən etməkdə bizə kömək edir.

Barnabas İncilində yazılır: “Isa dedi: “Mən həqiqətən də İsrail övladlarına bir qurtuluş peyğəmbəri kimi göndərilmişəm; lakin məndən sonra Allahın bütün dünyaya göndərəcəyi və xatiri üçün Allahın dünyanı yaratdığı Məsih gələcək. Sonra bütün dünyada Allaha ibadət olunacaq və Allahın rəhməti yayılacaq, hətta o həddə çatacaq ki, yubiley ili – ki, indi hər yüz ildən bir gəlir – Məsih tərəfindən hər yerdə bir ilə endiriləcək.”23 Burada gördüyümüz kimi müəllif İsaya “indi hər yüz ildən bir gəlir” sözünü nisbət edir. Yəhudilərdə yubiley hər yeddi sabbat ili keçdikdən sonra gəlirdi, yəni 49 il keçdikdən sonra 50-ci il yubiley ili sayılırdı. Bu il yəhudilərdə borclar bağışlanır, kölələr azad olunurdu. Yubiley ili yəhudilərdə müqəddəs sayılırdı. Lakin yəhudilərdə yubiley hər yüzüncü ilə təsadüf etmirdi. Yubileyi hər yüzüncü il olaraq ilk dəfə müəyyən edən 1300-cü ildə Roma papası səkkizinci Boniface olub.24

Barnabas İncilində həmçinin bir başqa yerdə İsaya həvariləri ilə belə bir dialoq nisbət olunur. İsa deyir: “İnsan əgər gübrəni qızıla və palçığı şəkərə çevirə bilsə o nə ilə məşğul olar?” Sonra İsa susduqda həvariləri cavab verdilər: “O zaman heç kimsə qızıl və şəhər düzəltməkdən başqa işlə məşğul olmaz.”25 Burada əlkimya sənəti misal gətirilir və dəyərsiz bir şeydən qızıl düzəltmək misal verilir. Adətən qızılın yanında gümüşü misal çəkərlər, lakin burada gümüş yox, şəkər misal verilib. Bu isə şəkərin çox dəyərli məhsul olduğunun dəlalətidir. Burada diqqətimizi çəkən birinci nöqtə budur ki, “yeddinci əsrdən əvvəl Fələstin torpaqlarında şəkər yox idi və ilk böyük miqdar şəkər Avropaya Venesiya yolu ilə 996-cı ildə gəlib.”26 Avropada şəkər o qədər bahalı bir məhsul idi ki, onu çox zəngin insanlar ədviyyat kimi kiçik miqdarda yüksək qiymətlər ödəməklə əldə edirdilər. Orta əsrlərdə “Fransa və ya İngiltərədə bir kəllə qənd eyni ağırlıqda gümüşə bərabər idi.”27

152-ci fəsildə İsa ilə roma əsgərləri arasında keçən dialoqun sonunda deyilir: “O zaman İsa dedi: “Adonai Sabaoth!” Bunun üzərinə əsgərlər, şərabla yenidən doldurmaq üçün yuyulduqlarında taxta çəlləkləri yuvarlayarlarmış kimi dərhal Məbəddən bayıra yuvarlandılar; o həddə ki, başları və ayaqları yerə dəydi və bütün bunlar olarkən heç kim onlara toxunmamışdı.”28 Bu sözlərdən aşkar anlaşılır ki, bu sətrləri yazan şəxsin yaşadığı zamanda və məkanda şərab, taxta çəlləklərdə saxlanılardı. Bizə isə tarixdən məlumdur ki, Fələstində birinci əsrdə şərab ya dəri tuluqlarda, ya da saxsı amfora qablarda saxlanılırdı və transport olunurdu. Robert Curtis yazır ki, “şərab daşımaq üçün çəlləklər çox ehtimal ki, Qalliyada və ya Etruriyanın şimalında ən azından birinci əsrdə ixtira olunmuşdu.” Romaya şərab daşımaq üçün taxta çəlləklərin istifadəsini dördüncü əsrə aid edir.29 Stefan Estreicher qeyd edir ki, “Roma imperiyası dağılanda Qərbi Avropada artıq amfora işlədilmirdi, istisna yalnız cənub region – Siciliya və yunan adaları və həmçinin Yaxın Şərq idi.”30 Tarix kitabları bu məsələdə konkret məlumat verirlər ki, taxta çəlləklərin ixtirası Alp dağlarının olduğu bölgənin şimalından gəlir və birinci əsrin ikinci yarısına aid edilir. O bölgələrdə ağacların zənginliyini nəzərə aldıqda bu ixtiranın ora aid olmasını da görmək mümkündür. Ona görə də bu kimi sətrlər kitabında Avropa coğrafiyasında yazıldığını göstərir.

Barnabasa nisbət edilən bu incildə üstəlik ciddi tarixi və coğrafi xətalar yer alır. Misal üçün üçüncü fəsildə İsanın doğumu haqqında yazarkən deyir: “O zaman İudeyada (imperator) Sezar Avqust’un təyinatı ilə Herod hökmranlıq edirdi və (Ponti) Pilat isə Annas və Qayafa’da canişin idi.”31 Məlumdur ki, Ponti Pilat o dövrdə prefekt deyildi. Kitabda 20-ci fəsil bu sözlərlə başlayır: “İsa Təbəriyyə gölünə getdi və orada bir gəmiyə minərək Nazaret şəhərinə getdi… Nazaret şəhərinə çatdıqlarında (gəmidəki) dənizçilər İsanın (gəmidə) etdiklərinin xəbərini şəhərə yatdılar…”32 Bu sözləri yazan şəxs Fələstində heç zaman yaşamayıb, çünki yaşasaydı Nazaret şəhərinin Təbəriyyə gölünün sahilində olmadığını bilərdi. Üstəlik kitabda digər qəribəliklər də mövcuddur ki, bunlar Qurana da müxalifdir. Misal üçün kitabda İsanın “məsih” olduğu inkar olunur, halbuki kitabın birdən çox yerində İsanın adı çəkilərkən onun “chrissto” olduğu təsdiqlənir və yunan dilindəki “xristos” sözü məsih sözünün birbaşa tərcüməsidir. Görünür ki, bu incili yazan və ya yazanlar bu iki sözün eyni məna daşıdığını bilmirdilər. İslama zidd olan tərəfləri təkcə bununla bitmir. Bir yerdə deyilir: “Bizim ilk valideynlərimiz Şeytanın sözünü gözəl gördülər, ona görə də Cənnətdən qovuldular və bütün nəsilləri lənətləndi.”33 Yenə bir başqa yerdə deyilir: “Bir günün uşağı belə təmiz deyildir…”34 İslam dinində atanın günahına görə uşağın lənətlənməsi və ya günahın irs ilə keçməsi konsepti yoxdur, bu, katolik mühitində yaşamış birinin inancını əks etdirir.

ِSələfi camiasında kitab əhlinin qaynaqları üzərindən ən yoğun araşdırmanı edən Sami əl-Amiri də bu kitabın uydurma və saxta olması qənaətindədir. O, daha əvvəlki kitablarında Barnabas incilinə etimad etsə də “əl-Bişəra bi Nəbiyyil-İsləm fi Kutubil-Yəhud van-Nəsara” kitabında əvvəlki kitablarında yazdıqlarından döndüyünü təsdiqləyir və deyir: “Üstəlik bu gün mənim meyl etdiyim rəy budur ki, Barnaba incili İslam əsrində uydurulmuş saxta bir kitabdır..”35 Şeyx Ömər bin Süleyman əl-Əşqar da yazır: “Mən bu kitaba baxdıqdan və onu yaxından incələdikdən sonra kitab haqqında elə bir rəyə gəldim ki, məndən başqa kiminsə buna diqqət çəkdiyini görməmişəm; mənə aydın oldu ki, bu kitabla – onun (qədim) kökü olsa belə – müsəlman əlləri oynayıb və ora kitabdan olmayan şeyləri daxil ediblər. Mənim bu görüşü seçməyimə səbəb olan Vyanada saxlanılan orijinal əlyazmanın kənarlarında ərəbcə qeydlərin olması deyildir, əksinə bu incildə Allahın elçisi – salləllahu aleyhi va səlləm – haqqında edilən mübaliğələrdir. Biz təsdiq edirik ki, İncil qabaqcadan Allahın elçisinin – salləllahu aleyhi va səlləm – gəlişini müjdələmişdi, lakin Muhəmməd peyğəmbərin gəlişindən sonra müsəlmanların arasında yayğınlaşmış xurafatların kitab əhli arasında da yayğın olmasını tamamilə imkansız görürük…”36 Burada xurafatlar ilə əl-Əşqar’ın qəsd etdiyi sufi camaatlar arasında məşhur olan mübaliğələrdir və bunların arasında bütün kainatın Muhəmməd üçün yaradılması, hamıdan əvvəl onun yaradılması kimi iddiaları misal verir. Burada daha bir qrupun rəyi maraqlı olmalıdır və onlar xristianlığı tərk edərək İslamı qəbul etmiş keçmiş rahiblərdir. Misal üçün Yusuf Estes, Paul Williams, Jarold Dirks kimi keçmiş xristianlar Barnabas incilinin doğru olmadığını təsdiqləyirlər. Həmçinin əsli dilləri bilən və kitab əhlinin materiallarını öyrənən müsəlman alimlərdən Ali Ataie bu incil ilə bağlı ona verilmiş suala belə cavab verir: “Dinşünaslıq sahəsində müsəlman akademiklərin və alimlərin böyük əksəriyyəti sözdə “Barnabas İncil” adlanan kitabın psevdopiqrafik, yəni onun bir saxtakarlıq, möhtəmələn müti niyyətlə eidlmiş bir saxtakarlıq olduğunu, polemik səbəblərlə yazılmış və şübhəli əsaslarla həvari Barnabas’a atf edildiyini qəbul ediblər.”37

Türkiyədə Barnabas incilinin qədim bir nüsxəsinin tapılması ilə bağlı yayılmış xəbərlərə gəldikdə isə bu barədə çox fantastik iddialar mövcuddur. Hətta Abdullah Çatlı və Muhsin Yazıcıoğlu kimi şəxslərin ölümünü bu incil ilə bağlayan məqalələr Anadolu Agentliyinin səhifələrində yayılıb. Lakin həqiqət budur ki, tapılmış bu kitablar haqqında hansısa akademik və elmi bir araşdırma yoxdur və ona görə də onunla bağlı hansısa bir iddia etmək mənasızdır.

Dipnotlar

  1. Sale, “The Koran, Commonly Called The Alcoran of Mohammed”, səh: xiv; London, 1764
  2. Ragg, “The Gospel of Barnabas”, səh: xi; Clarendon Press, Oxford, 1907
  3. Kvarto (Quarto) poliqrafik bir termindir və mənası, bütöv bir kağıza kitabın səkkiz səhifəsini, yəni hər tərəfinə dörd səhifəsini çap etməkdən, sonra onu iki dəfə qatlayaraq səkkiz səhifəni əmələ gətirməkdən ibarətdir.
  4. Sale, “The Koran, Commonly Called The Alcoran of Mohammed”, səh: xv; London, 1764
  5. Ryad, “Islamic Reformism and Christianity: A Critical Reading of the Works of Muhammad Rashid Rida and His Associates”, səh: 214; Brill, Leiden, 2009
  6. Leirvik, “Images of Jesus Christ in Islam”, səh: 128-129; Continuum, London, 2010
  7. əl-Qinnəvci, “Fəth əl-Bəyan fi Məqasid əl-Quran, “14/118; əl-Məktəbə əl-Asriyyə, Beyrut, 1992
  8. Ryad, “Islamic Reformism and Christianity: A Critical Reading of the Works of Muhammad Rashid Rida and His Associates”, səh: 214; Leirvik, “Images of Jesus Christ in Islam”, səh: 133;
  9. Bax: Rida, “Təfsir əl-Mənar”, 4/57; 6/17, 29-31, 36-37, 71, 78, 240-241, 247, 7/216, 233, 9/248-254, 10/253, 333, 11/156; əl-Heyə əl-Misriyyə əl-Ammə, 1990
  10. bax: əl-Qasimi, “Məhəsinut-Təvil”, 3/432, 435, 9/221; Darul-Kutubil-İlmiyyə, Beyrut, 1418
  11. Suud əl-Xaləf, “Dirasət fil-Ədyən əl-Yəhudiyyə van-Nəsraniyyə”, səh: 173; Ədvaus-Sələf, Riyad, 1997
  12. Əbu Zəhra, “Muhədarat fin-Nəsraniyyə”, səh: 72-73; Riyad, 1404
  13. Fletcher, J. E. “The Spanish Gospel of Barnabas.” Novum Testamentum, cild. 18, say. 4, 1976, səh. 315–316
  14. “Məvsuatu Məhəsin əl-İsləm va Raddu Şubuhət əl-Liəm”, 2/388; Dar İyləf əd-Duvəliyyə, 2015
  15. Burkitt, The Decretum Gelasianum, “The Journal of Theological Studies”, cild 14, say 4, 1913, səh: 371
  16. Bax: Brandon W. Hawk, “Preaching Apocrypha”, səh: 11; University of Toronto Press, 2018; bax həmçinin, Clare K. Rothschild, “The Muratorian Fragment”, səh: 9-10; Mohr Siebeck, 2022
  17. Hahneman, “The Muratorian Fragment and The Development of the Canon”, səh: 158-160; Clarendon Press, Oxford, 1992
  18. Epalza, Le Milieu Hispano-Moresque de L’Evangile Islamisant de Barnabé, “Islamochristiana”, Roma, 8, 1982, səh: 160-161;
  19. Ragg, “The Gospel of Barnabas”, səh: 92; Clarendon Press, Oxford, 1907
  20. Yadin-Israel, “Temptation Transformed: The Story of How the Forbidden Fruit Became an Apple”, səh: 8; University of Chicago Press, Chicago, 2022
  21. Von Rad, “Genesis: A Commentary”, səh: 90; The Westminister Press, Philadelphia, 1972
  22. Yadin-Israel, “Temptation Transformed: The Story of How the Forbidden Fruit Became an Apple”, səh: 64-66; University of Chicago Press, Chicago, 2022
  23. Ragg, “The Gospel of Barnabas”, səh: 191; Clarendon Press, Oxford, 1907
  24. Edward Muir, “Ritual in Early Modern Europe”, səh: 64-65; Cambridge University Press, New York, 2005
  25. Ragg, “The Gospel of Barnabas”, səh: 275; Clarendon Press, Oxford, 1907
  26. R. J. Forbes, “Studies in Ancient Technology”, V, səh: 104; Brill, Leiden, 1966
  27. Ruth A. Johnston, “All Things Medieval: An Encyclopedia of the Medieval World”, səh: 674; Greenwood, California, 2011
  28. Ragg, “The Gospel of Barnabas”, səh: 355; Clarendon Press, Oxford, 1907
  29. R. L. Curtis, “Ancient Food Technology”, səh: 379; Brill, Leiden, 2001
  30. S. K. Estreicher, “Wine: From Neolithic Times to the 21th Century”, səh: 34; Algora Publishing, New York, 2006
  31. Ragg, “The Gospel of Barnabas”, səh: 7; Clarendon Press, Oxford, 1907
  32. Eyni mənbə: səh: 41
  33. Eyni mənbə: səh: 117
  34. Eyni mənbə: səh: 153
  35. Amiri, “əl-Bişəra bin-Nəbiyyil-İsləm fi Kutubil-Yəhud van-Nəsara”, səh: 10; Takween, London, 2021
  36. əl-Əşqar, “ər-Rusul var-Risələt”, səh: 184-185; Darun-Nəfəis, Küveyt, 1989
  37. What is the Islamic View on the Gospel of Barnabas? https://seekersguidance.org/answers/general-counsel/what-is-the-islamic-view-on-the-gospel-of-barnabas/