Cinsi zorakılıq – Liberal xaos

Məşhur aqnostik və astrofizik Neil Tyson yaxınlarda iki qadın yardımçısı tərəfindən cinsi zorakılıqda ittiham olunub. Bundan öncə də universitet yoldaşı onu cinsi təcavüz etdiyinə görə ittiham etmişdi. Tyson bu təcavüz halını rədd etsə də, digər iki qadının qeyd etdiyi hadisəni inkar etmir, lakin etdiklərinin cinsi zorakılıq deyil, dostluq əlaməti və “ehtiyatsız” edilən zarafatlar kimi vəsf edir. Maraqlıdır ki, bundan öncə eyni ittihamlar ateist və “müharib” din düşməni Lawrence Kraussa qarşı da edilmişdir. Alim onunla selfi çəkdirmək istəyən qadının sinəsindən tutması ilə ittiham olunurdu.

Ümumiyyətlə qərbdə cinsi zorakılıq artıq bir paranoya halını alıb. Bir müddət əvvəl ABŞ Ali Məhkəməsinə hakim kimi təyin olunması gözlənilən Brett Kavanaugh`ın bir qadın tərəfindən ittiham olunması və bunun ardından baş verən hadisələr qərb mediasının əsas xəbərinə çevrilmişdir. Cristiano Ronaldo kimi şəxslər isə ümumiyyətlə ondan pul qoparmaq istəyən hər kəsin ittiham obyektinə çevirilə bilər.

Liberal xaos

Bütün bunlardan şəxsən mənim çıxardığım nəticə budur ki, qərb cəmiyyəti artıq nə edəcəyini, hansı istiqamətdə addımlayacağını bilmir, müəyyən “liberal” xaosda yaşayır. Təbii ki, hədsiz cinsi azadlığın nəticəsi olaraq bu ittihamların bir çoxunun həqiqətən də baş verdiyinə inanırıq. Misal üçün ayda 200 mindən çox maaş alan, minlərcə insan tərəfindən hörmətli professor kimi sevilən və ehtiram edilən, heç bir dini və ya qeyri dini dəyərə inanmayan, uşaq ilə valideyn arasındakı insest haqqında “bunun yanlış olduğunu deyə bilmərəm” deyən Krauss`a özü ona yaxınlaşan qadının sinəsinə toxunmağa nə mane ola bilər?

Digər tərəfdən cəmiyyət qadın zorakılığı halına o qədər vərdiş olub ki, bir qadın yüksək vəzifəli bir kişini onu əlli il əvvəl cinsi təcavüzə məruz qoyduğunu deyərək bu kişinin karyerasını və ailəsini asanlıqla dağıda bilər. Kavanaugh az qala işindən olacaqdı, Krauss isə özü istefa etsə də bunu xoşluqla etmədiyi ortadadır. Kütlənin də tamamilə medianın əlində olduğunu nəzərə alsaq, kimin haqlı, kimin haqsız olduğunu müəyyən edənin qanunvericilik deyil, medianın kütləyə verdiyi istiqamət olduğu açıq aydın sezilir. Yeri gəlmişkən, İslam qanunvericiliyində bir kimsə sübutsuz digərini ittiham etdiyi zaman ağır cəzaya məruz qala bilər. Sizcə bu kişilər arasında haqsız yerə ittiham olunanlardan neçəsi bu qanunların müvəqqəti olsa da tətbiqini arzulayardı?

Hüquqi ölçülərin varlığı

Digər bir nöqtə kişi ilə qadın arasındakı münasibətlərdə müəyyən hüquqi ölçülərin olmamasıdır. Bu gün qadın sizə onu qucaqlamağa izin verə bilər, bu zaman heç bir sıxıntı yoxdur, lakin siz sabah eyni feli etdiyinizdə “sexual harassment” ittihamı ilə üzləşə bilərsiz. Avropa ölkələrinin birində bu yaxınlarda qadının cinsi əlaqəyə razılığı bütün cinsi akt ərzində davamlı olmalıdır mənasını daşıyan qanun qəbul edilmişdir. Bu zaman sual çıxır: razılıq nədir? Sakit qalıb müqavimət göstərməməsi və ya cinsi əlaqədən əvvəl notariusda təsdiqlənmiş bir müqavilə? Demək istədiyimiz budur ki, kişi qadın münasibətlərində hədlərin olmaması bu cür absurd nəticələrə gətirib çıxarır. Bu hədləri müəyyən etməyi məhz fərdlərə həvalə olunmağının nəticəsi kimi qadın kişinin həddini aşdığını, kişi isə həddini aşmadığını iddia edəcəkdir. Bu zaman ikisi arasında hakim kim olmalıdır?

Qərbdə cinsi zorakılığa qarşı tədbirlər

Bütün bu xaosun ortasında yaxında Bloombergdə paylaşılan bir yazı yerinə düşdü. Yazı Wall Street`in qadınlarla münasibətdə qaydalarından danışır. Yəni, iş dünyasında kişilər artıq qadınlarla münasibətlərdə özlərinə müəyyən qaydalar tətbiq etməyə başlayırlar. Bütün bunları haqsız olaraq cinsi zorakılıq ittihamının qurbanı olmamaq üçün edirlər. Bəziləri qadın işçiləri ilə biznes yeməklərinə çıxmaqdan imtina etdiklərini, bərabər bir yerə ezamiyyətə getdikləri zaman otel otaqlarını müxtəlif mərtəbələrdə götürdüklərini, təyyarədə qadın iş yoldaşı ilə yanbayan yerlərdə uçmadıqlarını, liftlərdə onlardan uzaq durduqlarını qeyd edirlər. Bəziləri isə ümumiyyətlə qadın iş yoldaşı ilə təklikdə görüşməməyi və ya görüş keçirmək istədiklərində üçüncü şəxsi dəvət etməklərini və ya ən azından qapını açıq saxlamaqlarını tövsiyyə edirlər. Elə bil ki “təklikdə olan qadın və kişinin üçüncüsü şeytandır” prinsipinini tətbiq edirlər.

Təbii ki, belə etməkləri doğrudur, lakin onları buna sövq edən motivlər doğru deyil, yaşadıqları cəmiyyətlərin dəyərləri doğru dəyərlər deyildir, ona görə də qadınla təklikdə görüşdən imtina edib “cinsi zorakılıq” ittihamından qurtula bilərsən, lakin bu dəfə də “cinsi ayrıseçkilik” ittihamı ilə üzləşməlisən.

%d