Əziz bacı və qardaşlar!
Bu məktub dünyanın müxtəlif ölkələrində yaşayan müsəlman alimləri, müəllimləri, dəvətçiləri və mütəfəkkirləri tərəfindən ünvanlanıb. Biz sağlam qalmağınız və koronavirusdan (texniki olaraq COVID-19) qorunmağınız üçün sizə dua edirik. Təhlükəsizliyiniz, xoşbəxtliyiniz və rifahınız üçün çalışırıq; Bu məktubu də məhz bu əhval-ruhiyyədə yazırıq.
Biz qlobal bir pandemiyanın ərəfəsindəyik. Koronavirus demək olar ki, dünyanın hər bir ölkəsinə yayılıb. Bu xəstəliyə yoluxduqda ölüm ehtimalı qripə yoluxduğundan çox daha yüksəkdir. Gündəlik həyatımızda qorxu və narahatlıq hökm sürür. Ölkələr sərhədlərini bağlayıb, məktəblər qapadılıb, sosial həyat isə çökmüş vəziyyətdədir. Bir çoxları təəssüf ki, qaçınılmaz olaraq öz yaxınlarını itirəcəklər. Bəzi insanlar öz yaxınları ilə vidalaşmadan dünyasını dəyişəcək.
Aramızdakı bir çox fərqlərə baxmayaraq, bir çoxumuz böyük şəfqət və birlik nümayiş etdirə bilirik. Ona görə də inanırıq ki, bu misli görünməmiş bir dövrdə koronavirus intellektual və mənəvi bir oyanışa vəsilə ola bilər. Aşağıda nəzərə alınması vacib olan bəzi məqamları diqqətinizə çatdırırıq.
BİZ ALLAHA MÖHTACIQ
“Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir.”
Fatir, 15
Koronavirus bizim möhtac olduğumuzu dərk etməyimizə səbəb oldu. Biz bir çox cəhətdən məhdud və ehtiyac içindəyik. Varlığımız və yaşamaq qabiliyyətimiz demək olar ki, sonsuz sayda amildən asılıdır; idarə edə bilmədiyimiz və üzərində heç bir gücə sahib olmadığımız amillər. Bunların hamısı nəticədə Allaha bağlıdır. Bizi və bu sadalananların hamısını Allah yaratdığından, varlığımız da yalnız Ondan asılıdır. Heç nəyə möhtac olmadığımızı düşünsək də, əslində çox şeyə möhtacıq.
“Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.”
Ələq, 6-7
Bütün dünya kiçik bir RNT telinin ucbatından alt-üst olmuş vəziyyətdədir. Çılpaq gözlə görə bilmədiyimiz bu kiçik virus dünyanın demək olar ki, bütün ölkələrinə yayılmışdır. Hal-hazırda onun müalicəsi yoxdur. İqtisadiyyatlar çökmək ərəfəsindədir, səhiyyə sistemləri getdikcə iflasa uğrayır. İnsanlar qorxu və narahatlıq içindədirlər. Onlardan evdə qalmaları xahiş olunur. Dünyada heç bir qüdrət vəya pul baş verənləri geri qaytara bilmir. Bütün bunlar bizə, xüsusən təkəbbürlü olanlarımıza vacib bir dərs verməlidir: biz təvazökar olmağa məcburuq. İlahi hidayət və mərhəmət yolundakı ən böyük maneələrdən biri də məhz eqo və təkəbbürə söykənən özünüdərk illüziyasıdır.
“Səndən əvvəl də ümmətlərə (elçilər) göndərmişdik. Biz onları sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr.”
Ənam, 42)
KORONAVİRUS VƏ ALLAHIN NİŞANƏLƏRİ
Əksəriyyətimiz heç vaxt birbaşa virusu müşahidə etməyib. Elektron mikroskopla görünsə də, bir çoxumuz elmi dərsliklərdəki şəkillərə və mütəxəssislərin dediklərinə inanmaq məcburiyyətindəyik. Lakin buna baxmayaraq, virusun təsirini görür və hiss edirik. Bu, virusun mövcud olduğunu başa düşmək üçün kifayətdir. Həm özümüzün, həm də başqalarının bu görünməz xəstəliyə yoluxmasının qarşısını almaq üçün hərəkət edirik və tədbirlər görürük. Bu cür düşünməklə biz nəinki təbii olaraq Allahın varlığını dərk edirik, həmçinin Onun reallığının təsirini müşahidə və hiss edə bilərik.
Biz bu heyrətamiz kainatda yaşayırıq. Ümid edirik, sevirik, ədalət axtarırıq və insan həyatının ali dəyərinə inanırıq. Düşünürük, nəticə çıxardırıq və kəşf edirik. Milyardlarla planet, ulduz və qalaktikadan ibarət geniş bir kainatda həyat sürürük. Kainatdakı qanunlar və fundamental fiziki sabitlər azca fərqli olsaydı, şüurlu, özünü dərk edən həyatın yaranması mümkün olmazdı. 6000-dən artıq dili və səkkiz milyondan çox növü olan bir planetin sakinləriyik. Qəlbimizdə xeyrin və şərin mövcudluğunu hiss edirik.
Bütün bunların hamısı Allahın varlığının və böyüklüyünün nişanələridir.
“Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır.”
Bəqərə, 164
HƏYAT, ÖLÜM VƏ QAYƏ
Koronavirus bir çox ölümlərə səbəb olur və olacaqdır. Getdikcə ölüm hallarının artıdığını müşahidə edirik. Bu da qorxu və narahatlıq yaradır. Lakin eyni zamanda mövcudluğumuzun təbiəti, həmçinin həyat və ölüm haqqında düşünmək üçün əla bir fürsət yaranıb.
“Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.”
Ali-İmran, 185
Həyatda yekun məqsədimizin olmasını inkar etmək absurd və məntiqsizdir. Biz məqsədyönlü varlıqlarıq. Dişlərimizi fırçalamaqdan maşın almağımıza qədər həyatda hər şeyi bir məqsəd üçün edirik, lakin bəzilərimiz öz varlığımızın bir məqsədi olduğuna inanmır. Yekun bir məqsəd olmadan mövcudluğumuzun və həyatımızın da bir mənası yoxdur. Uydurma bir məqsədi həyatımıza aid etmək, varlığımızın əsas qayəsini inkar edərək özümüzü aldatmaqdır. Bu, “Gəlin bir məqsədimiz varmış kimi davranaq” deməkdən heç də fərqlənmir.
“Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən.”
Ali-İmran, 191
BƏS YEKUN MƏQSƏDİMİZ NƏDİR?
Koronavirus bizi düşünməyə və ehtiyac duyduğumuz, sevdiyimiz və hörmət bəslədiyimiz şeyləri qorumaq istəyimizi ortaya çıxartdı. Bunların bir çoxu pərəstiş etdiyimiz şeylərdir. Hətta Allaha inanmayan insanlar da əşyalara qarşı pərəstiş, ehtiram və sədaqət hissləri bəsləyir. Ən çox sevdiyimiz və hörmət bəslədiyimiz, son dərəcə dəyər verib, nəticədə asılı olduğumuza inandığımız obyektlər əslində ibadətlərimizdir. Çoxları üçün bu bir ideologiya, bir lider, bir ailə üzvü və ya öz nəfsindən ibarət ola bilər. Politeizm və bütpərəstlik sadəcə bir cismin qarşısında dua etmək və ya fiziki cəhətdən təzim etməkdən ibarət deyil.
“İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər.İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür.”
Bəqərə, 165
Əslində Allah bildirir ki, əgər Ona ibadət etmiriksə, deməli mütləq başqa bir şeyə ibadət edirik. Nəticədə bu şeylər bizi “əsarət altına alır” və “sahibimizə” çevrilirlər.
“Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü?”
Casiyə, 23
Özlərini ateist adlandıranlar da bəlkə bilmədən kiməsə və ya nəyəsə ibadət edirlər. Bu həmçinin kiminsə öz nəfsi də ola bilər. Allahın mesajını rədd edib özümüzü dəyişdirməkdən imtina etdikdə, təkəbbürlük və maddi dünyaya olan sevgimiz bizi öz nəfslərimizin istəyinə tabe olmağa vadar edir. Nəticədə nəfsi istəklərimizin quluna çevrilirik.
Biz də daxil olmaqla hər şeyi bilən və Mərhəmətli olan Allah, bizim Rəbbimiz olduğunu və yalnız Ona ibadət etməklə quluna çevrildiyimiz şeylərin qandallarından azad olacağımızı söyləyir.
“Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.”
Zəriyət, 56
Allaha ibadət etmək həyatdakı məqsədimizdir. Allah bizim dərin təbiətimizdə köklənib və Ona ibadət etmək əmri əslində bir mərhəmət və sevgi aktıdır. Qəlbimizi Allah qarşı təqva və sevgi ilə doldurduğumuz zaman, heç bir sözlə ifadə edə bilməyəcəyimiz bir dinclik və heç bir bəlanın qarşısını ala bilməyəcəyi əmin-amanlıq içərisində olarıq.
“Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də (haqdan) döndərilirsiniz!”
Fatir, 3
ƏDALƏTSİZLİYİ VƏ MƏNİMSƏMƏNİ DAYANDIRIN!
Bu pandemiya təsadüfi bir qəza deyil. Fərdi və kollektiv fəaliyyətlərimiz planetimizdə baş verənlərə görə məsuliyyət daşıyır. Etdiyimiz və ya etmədiyimiz hansı əməllərin pandemiya ilə nəticələndiyi barədə düşünməliyik. Allahdan, həmçinin ətraf mühit və digər insanlarla olan münasibətimizdən asılı olduğumuzu nəzərə alaraq, bu pandemiyaya səbəb ola biləcək ədalətsizlik və fəsadın fərqinə varmalıyıq.
“İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.”
Rum, 41
Planetimiz məhv olmaq ərəfəsindədir; çox böyük çirklənmə səviyyəsi evimizi korlayır və tarazılıqdan çıxardır. Ədalətsizliklər və müharibələr həddindan artıq çoxdur. Davam edən münaqişələr zamanı milyonlarla insan öldürülür və milyonlarla da insan yaşadığı yerdən qaçqın düşərək ac-susuz qalır. Bu pisliyi və şəri dayandırmaq üçün kifayət qədər iş görmədiyimiz üçün kollektiv olaraq məsuliyyət daşıyırıq və bir çoxumuz da bunun səbəbkarıyıq. Məsuliyyəti öz üzərimizə götürməli və başa düşməliyik ki, bu pandemiya yer üzündəki ədalətsizliyi, fəsadı dayandırmaq üçün bir siqnal və ilahi bir əlamətdir.
“Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.”
Əraf, 56
Biz yer üzünün himayədarları olduğumuzu qavramalıyıq. Bu o deməkdir ki, tarazlığı qorumaq, nizam-intizamı təmin etmək və israfçılıq etməmək üçün məsuliyyət daşıyırıq. İnsafsız müharibələr dayandırılmalı, günahsız insanların qətlinə son qoyulmalı, ədalətsiz iqtisadi siyasət ləğv edilməli, heyvanlara qarşı pis rəftar sonlandırılmalı, israfçılıq və xəsislik aradan qaldırılmalıdır. Qarşımızda bəzi seçimlər var. Ya tarazlığı və nizamı bərpa edərək Allahın rəhbərliyinə riayət edəcək, ya da pozğunçuluğa davam edəcəyik.
“Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.”
Rad, 11
“ƏL-VƏKİL” OLANA TƏVƏKKÜL ET
Bu qlobal pandemiya, virusoloqlar, epidemioloqlar və digər səlahiyyətli mütəxəssislərin elan və tövsiyələrinə qulaq verməyimizə səbəb oldu. Onların dediklərinə etibar edir və göstərişlərinə əməl edirik. Ancaq əksəriyyətimizin onların dediklərinin həqiqiliyini yoxlamaq üçün əlində imkanı yoxdur. Nə akademik təhsilə, nə də hər hansı bir təcrübəyə sahib deyilik. İnsan olaraq bir çox məhdudiyyətimiz var, ona görə də hər şeyi bilmirik. Başqalarının şahidliyinə etibar etmək həyatın qaçınılmaz və vacib hissəsidir. Bu insanların şahidliyinə etibar edə bildiyimizə görə, hazırda etibar etdiyimiz insanlar arasından daha etibarlı bir insana etimad etmək daha da məntiqli olar.
“Muhəmməd Allahın Elçisidir.”
Fəth, 29
Məhəmməd Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) 1400 il əvvəl peyğəmbərlik iddiasını aşağıdakı bəsit, lakin dərin bir mesajla çatdırdı: Allahdan başqa ibadətə layiq heç bir məbud yoxdur və Məhəmməd (Ona Allahın salavatı və salamı olsun) Allahın son elçisidir. Sizə Məhəmməd Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) xarakterinin bütövlüyünü göstərən həyat hekayəsini oxumağınızı tövsiyə edirik. O, yalançı deyildi və aldanmamışdı, özündən qabaq gəlmiş Nuh, İbrahim, Musa və İsa (hamısına salam olsun) kimi şərəfli peyğəmbər və elçilərin sonuncusu idi. Allahın təkliyi – hər birinin təbliğ etdiyi şey budur və yalnız bu həqiqəti təsdiqləməklə insanlığın dəyəri hiss olunar.
Məhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) həyatını və rəhbərliyini öyrənmək həm də onun Allahdan ilham aldığını və Quranın Allahın son vəhyi olduğunu sübut edən dəlillər təqdim edəcəkdir.
Yuxarıda deyilənlərə əsasən iddia etmək olar ki, Məhəmməd Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) mesajını rədd etmək, bu pandemiya zamanı diqqətlə dinlədiyimiz mütəxəssislərin mesajını rədd etməklə məntiqi cəhətdən bərabər hesab olunur.
KORONAVİRUSLA SİZ CƏNNƏTİ QAZANA BİLƏRSİNİZ
“Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.”
Mülk, 2
Allah bizi Ona ibadət etmək üçün yaratdı və ibadət də imtahanlardan ibarətdir. Bu qlobal pandemiya kimi sınaqlar da bu imtahanın bir hissəsidir. Sınaqdan keçərək Allaha məqbul bir şəkildə cavab vermək, Cənnətdəki əbədi səadət evimizə çatmağı asanlaşdırır. Dünya həyatı fəzilətli olanları yetişdirən, mənəvi olaraq inkişaf etdirən və aramızda kimin həqiqətən əbədi xoşbəxtliyə layiq olduğuna qərar vermək üçün bir vasitə rolunu oynayan sınaqlar və məşəqqətlər diyarıdır. Bu çətin dövrlərdə səbirli və cəsarətli olmalı, virusa yoluxmuş insanlara mərhəmət göstərməli və onlara göstəriləcək hər cür yardım üçün əlimizdən gələni etməliyik.
“Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.”
Bəqərə, 214
İslam insanlara güc verir. Müsibətləri, pislikləri, ağrıları və problemləri imtahan olaraq görür və bütün bu sınaqları Allah sevgisinin bir əlaməti olaraq qəbul edir. Məhəmməd Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Allah bir qulu sevəndə onu sınayar.” Allahın sevdiyi insanları sınamağı Cənnətə aparan yoldur, Cənnətə qəbul olunmaq isə ilahi sevginin və mərhəmətin təzahürüdür. Buna görə də COVID-19 kimi bu xüsusi sınaqlar Cənnətə çatmağımıza yardımçı ola bilər. Lakin əlimizdən gələni etdikdən sonra bu sınaqlardan çıxa bilməsək belə, Allahın mərhəməti və ədaləti ya bu həyatda, ya da bizi gözləyən əbədi həyatda mükafat alacağımıza zəmanət verir.
OYANIŞ
“Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar. Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq.”
Səcdə, 21-22
Bu qlobal pandemiya mənəvi və intellektual bir oyanış yaratmalıdır. Allahın yoluna qayıtmağın vaxtı çatmışdır. Allah tərəfindən verilən bu imtahan ya ilahi sevginin bir əlaməti, ya da öz təkəbbürümüzün nəticəsi ola bilər. Təvazökar və səbirli olsaq, Allahın mükafatına ümid bəsləsək, Ona səmimi qəlbdən ibadət etsək, mərhəmətli davransaq və düzgün iş görsək, imtahandan keçib Cənnətdə əbədi səadətə layiq olarıq – bura elə bir diyardır ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) müjdələdiyi kimi; Yer üzündə ən çox əziyyət çəkən insan bir anlıq ora daxil olsa, “Mən heç bir əziyyət çəkmədim!” deyər.
Seçim bizimdir. Ya Allahın ibadətə layiq yeganə ilah və Məhəmməd Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Onun sonuncu elçisi olması həqiqətini qəbul edər, ya da Allahın hidayətindən və mərhəmətindən imtina edərək Cəhənnəmə getməyi seçə bilərik. Ona inanmaq və Onu xatırlamaq vaxtı gəlib çatmışdır.
“Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər.”
Talaq, 2-3
Allah hamımıza hidayət etsin, qorusun və bizi Özünün xüsusi rəhmətinə layiq etsin.
İMZALAYANLAR
Mufti Muhmmad Taqi Usmani, Darul Uloom Universitetinin vitse-prezidenti, Karaçi, Pakistan. www.themuslim500.com saytına görə 2020-ci ilin ən nüfuzlu müsəlmanı.
Sheikh Dr Sharif Ibrahim Saleh Alhussaini CON, Nigeriya Böyük Müftisi, Nigeriya İslam İşləri üzrə Ali Şuranın Fətva Komitəsinin sədri, Nigeriyadakı Müsəlmanlar Məclisinin sədri.
Muhammad Seydya Suliman al-Nawawi al-Shanqiti, Müsəlman Alimlər Birliyinin vitse-prezidenti.
Hussain Yee, Serving Mankind Association-in prezidenti, Malayziya.
Dr. Ali Muhammad Muhammad al-Sallabi, müsəlman tarixçisi və din xadimi, Liviya.
Dr Zakir Naik, Peace TV Təsisçisi, Malayziya.
Dr Mohd Asri bin Zainul Abidin, Perlis müftisi, Malayziya.
Abdul Raheem Green, beynəlxalq təbliğatçı, İngiltərə.
Sheikh Dr AbdulHayy Yusuf, Sudan alimləri idarə heyətinin sədr müavini.
Dr Muhammad Yusri Ibrahim, akademik və tədqiqatçı, Misir.
Daei al-Islam al-Shahhal, alim, Livan.
Dr Haifaa Younis, Jannah institutu, Sent-Luis, MO, ABŞ.
Dr. Yasir Qadhi. Dekan, Amerikanın Dallas İslam Seminariyası, TX, ABŞ.
Sheikh Shadi Alsuleiman, Avstraliya Milli İmamlar Şurasının sədri.
Dr Muhmmad Salah, Huda TV, Misir.
Hamza Tzortzis, müəllif və beynəlxalq təbliğatçı, İngiltərə.
Dr Tawfique Chowdhury, Avstraliya.
Sheikh Omar Suleiman, Yaqeen İslam Tədqiqatları İnstitutunun banisi və prezidenti, ABŞ.
Imam Said Rageah, Faith beynəlxalq konfransının sədri, Sakinah Fondunun sədri və qurucusu, Toronto Kanada.
Fadel Soliman, Bridges Foundation direktoru, Misir.
Dr. Anas Altikriti, The Cordoba Fondu, CEO və qurucusu, Birləşmiş Krallıq.
Sheikh Zahir Mahmood, Əs-Suffa İnstitutunun qurucusu və müəllimi. Birmingham, İngiltərə.
Sheikh Dr Haitham al-Haddad, Dirçəliş və İslahat Tədqiqatları üzrə AlMarkazın qurucusu, İngiltərə.
Sheikh Mohammed Abdullah Houiyat, alim, Almaniya
Dr Kamil Salah, İordaniya, Jarash İslam Hüquqşünaslıq Universitetinin müəllimi.
Sheikh Ihsan Mohammed Alotibie, alim, İordaniya.
Nureddin Yıldız alim və təbliğatçı, Türkiyə.
Shaykh Asrar Rashid. Hədisiyyə İnstitutunun qurucusu, Birmingham Camatia İslam Mərkəzinin imamı. Müəllif, ilahiyyatçı və natiq, İngiltərə.
Muhammad Idrees Zubair,keçmiş professor və IIU BOG üzvü, İslamabad, Pakistan.
Dr. Bachir Aissam Almorrakochi, alim, müəllif və İrşad Akademiyasının təhsil və inkişaf üzrə direktoru, Mərakeş.
Shaykha Dr. Tamara Gray, İcraçı Direktor, alim və Rabata’nın baş mənəviyyat mütəxəssisi.
Imam Siraj Wahhaj, Masjid Al Taqwa Nyu-York, ABŞ
Imam Dr. Khalil Abdur-Rashid, Harvard Universitetindəki Müsəlman Ruhanilər, Harvard Divinity School-da Müsəlman Tədqiqatları müəllimi və Harvard Kennedi Məktəbinin İctimai Siyasət Üzrə Müəllim.
Allah Əzzə və Cəllə sizdən razı olsun və sizi xeyirlə mükafatlandırsın. Çox gözəl bir paylaşımdır.