Düşünürəm ki, yaxınlarda 3 yaşlı qızın zorlanaraq öldürülməsi hadisəsi insafı, insaniyyəti olan heç bir kəsi etinasız buraxa bilməzdi. Sosial şəbəkələrdə bu cinayəti törədən və onun cəzasının nə olması gərəkdiyi haqqında kifayət qədər düşüncələr irəli sürüldü. Lakin burada bir nöqtəyə diqqətinizi çəkmək istəyirəm. Siz bu insanın (insan demək olarsa) cinayəti törətdiyi zaman sərxoş olduğuna diqqət etdinizmi? Atalarımız demiş, papağınızı qabağınıza qoyub bu sual haqqında düşünməyinizi istəyirəm: bu insan sərxoş olmasa idi bu cinayətə cürət edərdimi? Səmimi olmağınızı istəyirəm. Son dərəcə əclaf, şərəfsiz və mənəviyyatsız olsa da, içkili olmasa idi o, əsla bu etdiyinə cürət etməz idi. Bununla razılaşırsınızsa o zaman Allahın nəyə görə içkini qadağan etdiyini anlamalısınız.
Bir humanist klişesi
“Mən insanlara Allah, cənnət üçün deyil, insan olduqları üçün yaxşılıq edirəm” deyib özünü humanist kimi qələmə verənlərə sual ünvanlayıram: bu balaca məsum uşağın həyatı sizin “içki azadlığınızdan” dahamı dəyərsizdir? Tutalım ki, Azərbaycanda iki milyon insan daim içki içir. Bu iki milyon insan arasında bir fərd ortaya çıxır və bu cür dəhşət törədir. Lakin əgər biz içkini qadağan etsəydik o zaman bir milyon doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz insan “azadlıqdan” məhrum olacaqdı, lakin bir uşağın həyatı əlindən alınmayacaqdı. Bu sualı mənə ünvanlasanız mən qəti olaraq uşağın həyatını seçərdim. Bu zaman sizin seçiminiz nədir: uşağın həyatı və ya öz şəhvət və içki istəyiniz?
Bu sualı uşağın valideynlərinə ünvanlasaq onların cavabının nə olacağı heç kimə qaranlıq qala bilməz. Əslində bu hadisə bizdən birimizin başına gəlsəydi biz hamımız içkinin birdəfəlik qadağan olunmasını dəstəkləyərdik. O zaman necə olur ki, biz içkinin qadağan olunmasını dəstəkləmirik? Yəni, biz bir şeyi sadəcə başımıza gələndən sonramı anlamalıyıq? Hətta bundan artığını deyim. Bu cinayəti törədən məxluq belə özünə gəldikdən sonra “kaş ki içki içməsəydim” deyə düşünürdü. Bu hadisə içkinin cəmiyyətdə törətdiyi fəsadlardan sadəcə bir dənəsidir. Sərxoşluq halında törədilən cinayətlər hər kəsə məlum olduğu üçün burada söhbəti uzatmıram.
“Sadəcə sərxoş olub cinayət törədənlərə qadağa qoyulmalıdır” deyən humanist insanlara isə cavabımız odur ki, bu qanun fərdlərə görə tənzimlənə bilməz. Çünki biz “sadəcə sərxoş olmayanlar” içsin desəydik hər bir kəs sərxoş olmayacağını iddia edəcək və sonda hər kəs içəcəkdi. Beləliklə bu cinayət yenə də qaçınılmaz olacaqdı.
Allahın qanunları haqqında dərindən düşünən bir kəs onların nə qədər dərin hikmət dolu olduğunu anlayır. Sizi də bu haqda düşünməyə dəvət edirəm.
Cavab yaz