Bir müddət əvvəl azərbaycanlı “feminist” qadınla tamamı bir neçə ismarıca sığacaq qədər kiçik bir müzakirəm oldu. Qadın dinsiz biri olaraq Qurandakı bəzi ayələrin qadınların azadlığını məhdudlaşdırmasından rahatsızlıq hiss etdiyini bildirirdi. Əvvəla bu feminist başa düşə bilmir ki, İslam dinini dərk etmək onun kimi bənövşələrlə bəzənmiş xəyallar içində yaşayanlar üçün deyildir, İslam dinini dərk etmək reallıqda yaşayan insanlar üçündür.
Kişi və qadının azadlığı eynidirmi?
Azadlıqlara gəldikdə isə ümumiyyətlə qadın təbiət etibarı ilə heç zaman kişidəki azadlıqların eynisini əldə edə bilməz. Qadınlara ən çox azadlıq vermiş skandinaviya ölkələrində bu gün bütün çalışmalara, bütün maaliyyələşdirmələrə baxmayaraq qadınlar hələ də kişilər qədər azadlığa sahib deyillər; iş sektorlarında söz sahibi olanlar kişilərdir və skandinaviya hökumətlərində çox sayda təmsil olunan qadın siyasətçilər əllərindən gələni edirlər ki, biznes aləmindəki zirvədə kişilər qədər qadın təmsilçilər də olsun, amma bütün bu süni şəkildə qurulan şəraitlərə baxmayaraq qadınlar kişilərlə eyni bərabərə gələ bilmirlər. Nəinki biznes sahəsindəki zirvə, heç aşağılarda belə qadınlar kişilərlə eyni səviyyədə deyillər, çünki orta hesabla kişilər etdikləri eyni işə görə qadınlardan daha çox maaş alırlar. Axı nə üçün, ay düşüncəsi qıt olan feminist? Səncə nə üçün bütün bu süni şəraitə rağmən qadınlar kişilərlə eyni bərabərdə ola bilmirlər? Sən hələ də bunu anlaya bilməmisənmi? Çünki təbiət etibarı ilə qadın kişi qədər aktiv ola bilmir, qadın hamilə qalır, uşaq doğur, uşağa baxmalı olur, hələ kişidən daha tez depressiyaya girməsi, ayda bir dəfə aybaşı olmağı… Başa düşənlər nə dediyimizi başa düşürlər; Ona görə də hələ Allahın bu skandinaviya ölkələrində belə iş sahibləri – hətta iş sahibi qadın olsa belə – çox işdə kişi işçilərə üstünlük verirlər.
Süni bərabərlik
Bir neçə il bundan öncə bir isveçli qadın ilə bu barədə müzakirəm olmuşdu. Məndən yaşda çox böyük olan Eva (Həvva) adındakı bu qadın mənə kişi və qadın bərabərliyinin mümkün olduğunu sübut etmək istəyirdi. Onun nə qədər yanıldığını ona öz ölkəsindən gətirdiyin misallar ilə göstərmək çətin olmadı. Eva görmək istəmirdi ki, onun haqqında dəm vurduğu bu bərabərlik süni şəkildə qurulmuş bir bərabərlikdir, təbii deyildir. İsveç ümumiyyətlə dövlət olaraq təhlükəsizliyini böyük əksəriyyəti kişilərdən ibarət olan hərbi orqanlara və polis hakimiyyətinə borcludur. Əgər bu gün İsveçdə bir kişi qadına qarşı şiddət işlədərsə qadın dərhal polisə zəng edir və evinə qısa bir zaman içində hündür boylu, əzələli iki polis kişi daxil olur. Dərhal qadına qarşı şiddət işlədən kişini ya xoş dil ilə, ya da qolunu buraraq aparıb təcridxanaya salırlar. Qadınlara hüquq verən qanunları tətbiq edənlər də, onları mühafizə edənlər də əksəriyyəti kişilərdir. Qurulan bu şərait süni şəraitdir. Lakin sizcə sabah müharibə olarsa, bütün bu sosial strukturlar dağılarsa ortaya çıxan yeni şəraitdə qadın kişi qədər azad ola biləcəkmi? Təbii şərtlərdə məruz qaldığı təhlükələrdə kişilərin himayəsinə möhtac olan qadın təbii ki, daha az azadlıqla kifayətlənəcək. Bunda ağıl sahibi şəkk etməməlidir. Ona görə də ən primitiv şərtlərdə qadın kişidən asılı olur və qadının azadlığı kişilərin iradəsi ilə məhdudlaşır. Bunun yaxşı hal olub olmaması tamamilə başqa bir müzakirədir, lakin qadınlar özlərini aldadaraq düşünməməlidirlər ki, bu gün dünyada hardasa qadınla kişi azadlıqlarında və hüquqlarında eyni bərabərdədirlər. Bəli, doğrudur ki, hüquqlarda bir çox yerdə qadın kişidən daha çox hüquqa sahibdir, amma azadlıqlarda belə bir bərabərlik və ya üstünlük yoxdur.
Əsl azadlıq
Bir də gəlin özümüzü aldatmayaq. Əsl azadlıq insanın beynində, düşüncəsində olan azadlıqdır. Bu gün zahirən azad görünsələr də qadınlar psixoloji olaraq daha çox əsarətdədirlər. Misal üçün təbii olaraq kişilərdən daha çox gözəl olan qadınlar yenə də kişilərə özlərini bəyəndirmək üçün, mükəmməl görünmək üçün öz zahiri görünüşlərinə saatlar sərf etməli olurlar. Qadın əgər saat səkkizdə işə gedəcəksə səhər altıda oyanmalı olur, kişi üçün isə səkkizin yarısı oyanmaq kifayət edir. Kişi yarım metr qabağı çıxan qarnı ilə belə özünü mükəmməl hiss edə bilir, bunun üçün xüsusi rahatsızlıq keçirməz, bu da kişinin psixoloji olaraq azadlığıdır. Qadın isə öz zahiri görünüşündən əmin olmadığı üçün həmişə özünü kök hesab edir, ona görə də anoreksiya xəstələri qadınların arasından çıxır və kişilərdə nadir görünən haldır. Bu isə qadının psixoloji əsarətdə olmasının nəticəsidir, halbuki bu xəstəliklər müasir fenomenlərdir. Marketinq üzərində qurulmuş cəmiyyətlərin formalaşdırdığı süni idealların qurbanları da təbii ki, qadınlar olublar. Marketinq biznesinin başında duranlar isə kişilərdir. Bəs nə üçün əsas qurbanlar qadınlar olur? Çünki “azad qadın” bu gün seksual obyektə çevrilib, kişilərin gözlərindəki şəhvəti doyurmaq üçün qadına bu rol verilib. Bu gün ABŞ-da “Hooters” adlı restoranlar şəbəkəsinin 430 restoranı var. Hərfi mənada bayquş və bayquşun səsini ifadə edən “hooters” kəliməsi jarqonda qadının döşləri üçün işlədilir. Bu restoranlardakı biznes konsepti də elə bu qeyri-formal məna üzərində qurulub və işə götürülənlər əsasən gənc və cazibədar, qabarıq döşləri olan qadınlardır və iş formaları dar və yüngül geyimlərdir. Bu restoranlar şəbəkəsi ABŞ-dan kənarda da frençayz olaraq artmağa başlayıb. Mesaj çox aydındır, bu restoranlar təbii ki, imkanlı kişiləri cəlb etməkdə uğur qazanır, ona görə də çoxalıb artır. Qadın azadlığı?! Bizi güldürməyin!
“Xoşbəxt fahişə”
Üstəlik Almaniyada qadının “fahişəlik” ilə məşğul olması qanuniləşir, hətta vergi ödəməyə məcbur edilirlər. Görəsən özünü dolandırmaq üçün özünü başqa kişilərin altına verən qadın nə qədər azad qadındır? Görəsən doğurdan da “xoşbəxt fahişə” idealı mövcuddurmu?! Əlbəttə ki, belə bir şey ola bilməz, olsa da yalnız patoloji bir hal ola bilər. Etiraf edək ki, qadının himayəyə ehtiyacı vardır. Ona görə də İsveçdə qanunvericilik bu himayəni təmin edir və qadını fahişəliyə görə cəzalandırmır, lakin fahişəyə pul verən kişiləri cəzalandırır, çünki isveçlilər qəbul edirlər ki, “xoşbəxt fahişə” olmur. Bəs nə üçün kişilərin arasında özünü dolandırmaq üçün fahişəlik edən yoxdur? Hansısa bir kişi belə bir işlə məşğul olmaq istəyərsə sizcə nə qədər qazanc əldə edə bilər? Biz kişi dedikdə burada “homoseksualları” qəsd etmirik, sözün əsl mənasında kişiləri qəsd edirik. Siz heç hansısa kişinin qadınlar tərəfindən zorlandığını eşitdinizmi?
Reallıq
Bir isveçli jurnalist qadın mənə bunun baş verdiyini sübut etmək istədikdə məni gülmək tutdu. Mənim güldüyümü görüb çox qəzəbləndi, həmin kişinin daha sonra özünü necə pis hiss etdiyini mənə anlatmağa çalışdı. Lakin həya edərək onunla mübahisə etmədim; əgər zorlama olubsa bu təbii ki, cinsi əlaqə ilə olmayıb, çünki məcburiyyət altında olan kişinin cinsiyyət orqanı funksiyasını itirir. Görəsən dünyada bu cür qadınlar tərəfindən kişi zorlamaları nə qədər tez-tez baş verir?! Əlbəttə ki, kişilərin qadınları zorlaması halı çox çirkin bir haldır, lakin bu reallıqdır. Reallıqdır ki, hətta bu gün aparılan müharibələrdə düşmənin qadınlarını zorlamaq mənəvi bir cəza olaraq istifadə edilir. Zorlanma hallarında hamilə qalan qadınlar üstəlik qarnındakı uşaqları öldürmək və ya sağ saxlamaq kimi seçim qarşısında qalırlar, bir çox cəmiyyətlərdə qarnındakını öldürmək “azadlığı” qadına verilmir.
Nəticə
Etiraf etməliyik ki, reallıq tamamilə başqadır, reallıqdakı şərtlər kişilər ilə qadınlar arasındakı bərabərliyin xeyrinə deyildir. Reallıqdakı şərtlər kişilərə himayədar ata, qardaş, oğul rolunu, qadınlara isə qorunulması gərəkən ana, bacı və qız rollarını verir. Qadın cəmiyyətdəki qadınların halını yaxşılaşdırmaq istəyirsə o zaman ana kimi yaxşı himayədar kişilər yetişdirməlidir. Allahın göndərdiyi din də bu reallığa görə göndərilib, hansısa bənövşəyi fantaziyaya uyğun olması üçün göndərilməyib.
Cavab yaz