“The Second Sex” kitabı və Cinsi Dəyişdirilmiş Oğlan

1949-cu ildə fransız feminist yazıçı Simone de Beauvoir “İnsan qadın olaraq doğulmur, (cəmiyyət tərəfindən müxtəlif təsirlərlə) qadın edilir”1 iddiasının yer aldığı “The Second Sex” kitabını nəşr etdirdi. Feminizm üçün bir çox yeni iddiaları özündə əks etdirən bu kitab öz dövrdə çox böyük səs-küy yaratmağı bacardı. O vaxtdan bəri bir çox feminist qruplar bu kitaba əsaslanaraq kişi və qadın arasındakı fərqlərin bədən və beyin quruluşuna görə deyil, tamamilə sosial fenomenlərdən asılı olduğunu iddia etməyə başladılar.2 Bu iddianın nə qədər doğru olub olmadığını alamanız üçün sizlərlə mövzu ilə əlaqədar məşhur bir həyat hekayəsini paylaşmaq istəyirik.

Qız kimi böyüdülən oğlan

Bruce və əkiz qardaşı Brian 22 avqust 1965-ci ildə Kanadanın Winnipeg şəhərində anadan olmuşdu. Yeddi aylıq olanda Bruce’un penisi uğursuz xitan zamanı ciddi şəkildə zədələnir. Valideyinləri onu məşhur seksoloq John Moneyin yanına gətirirlər, Money onlara Bruce’un tamamilə kastr (cinsi orqanın funksiyasının yox edilməsi) edilməsini və onu bir qız kimi böyütmələrini tövsiyə etdi. Money uşaqların müalicə üsulu ilə cinsi dəyişdirilərək yeni bir şəxsiyyət halına gətirilə biləcəyi fikrini müdafiə edirdi. O, valideyinləri cinsi yenidən təyin edilmiş bu uşağın xoşbəxt böyüyəcəyinə inandıra bildi və beləcə, valideyinləri onun məsləhətinə əməl etdilər, övladlarına isə “Brenda” adını qoydular.

Money tezliklə Brenda’nın xoşbəxt bir uşaq olmadığını öyrəndi. Brenda hər vəchlə qız kimi yetişdirilsə də, özünü qızdan çox oğlan kimi aparırdı. Buna baxmayaraq Money təcrübəsinin çox böyük müvəffəqiyyətlə nəticələndiyində israr edirdi. 1972-ci ildə o, özünün “Man & Woman, Boy & Girlkitabında biyoloji olaraq normal körpələrin cinsiyyətinin dəyişdirilməsi haqqında yazdı. 

“Planlaşdırılan təcrübələr etik cəhətdən ağlasığmaz olduğundan normal bir körpə oğlanın uğursuz sünnətdən sonra penisini itirməsi kimi göydəndüşmə fürsətlərdən yalnız istifadə etmək olar… O indi məktəb yaşındadır və bir qız kimi davranışı əkiz qardaşının davranışından olduqca açıq bir şəkildə fərqlənir.”3

John Money

Money’in “uğuru”

O, “Qadınlaşdırma əməliyyatı” edilən bir körpə oğlan uşağının “normal, fiziki və psixoloji olaraq bir qız kimi” böyüyə biləcəyi qənaətinə gəlmişdi 4. Money “Sexual Signatures: On Being a Man Or a Woman” kitabında (1975) 5 cinsi sonradan dəyişdirilən əkizdən “oğlantipli bir qızdır, amma ki, nəticədə bir qızdır” deyə bəhs edirdi. Money belə nəticəyə gəlmişdi ki, “bu günə qədər olan faktlar normal bir uşağın “cinsi kimlik (sexual identity) qapısının” (dəyişim üçün) anadan olanda açıq olduğuna inandırıcı bir dəlil təqdim edir.”

Məşhur Time jurnalı Money’in bu “müvəffəqiyyətini” alqışlayan məqalə yayımladı və “bu hadisənin qadın aktivistlərin mübarizəsinə dəstək verərək ənənəvi kişi və qadın davranış modellərini dəyişdirilə biləcəyini” qeyd etdi. 6

1977-ci ildə Money’in təkidi ilə valideyinləri Brenda’nın (təxminən 12 yaşında) qadın hormonu olan estrogen qəbul etməsi üçün təzyiqlərə başladılar. 7 Dərman qəbulundan qısa zaman sonra Brenda’nın sinəsi qabarmağa başladı. Ancaq o, sinəsini gizlətmək üçün çox yeməyə və kökəlməyə çalışırdı.

Həqiqətin ortaya çıxışı

1979-cu ilin yanvarında Brenda Winnipeg şəhərinin psixiatrı Mary McKenty’in qəbuluna gedir. McKenty qısa müddətdə uşağın cinsinin dəyişdirilməsinin çox böyük səhv olduğunu başa düşdü və nəhayət, valideyinlərini Brenda’ya həqiqəti söyləməyin vaxtı gəldiyinə inandırdı. 14 Mart 1980-ci ildə atası oğluna onunla həqiqətdə nə baş verdiyini izah etdi.

Psixoloq Steven Pinker olanları belə qeyd edir: “Həqiqət 1997-ci ilə qədər gizli saxlanıldı, gənc yaşlarından Brendanın bir qızın bədəninə qapalı bir oğlan olduğunu hiss etdiyi ortaya çıxdı. On dörd yaşında o qədər acınacaqlı idi ki, ya həyatını bir kişi kimi yaşamağa, ya da buna son qoymağa qərar verdi və atası nəhayət ona həqiqəti söylədi. ”8

Qız kimi böyüdülmüş oğlan heç vaxt özünü Bruce kimi tanımırdı, öz adını belə sevmirdi. Buna görə də özünü Qolyatı öldürən Əhdi-Ətiq hökmdarının adıyla – David deyə adlandırmağa qərar verdi.

15 yaşından sonra David artıq özünü oğlan kimi təqdim edirdi. O, testosteron iynələri vurmağa başladı və 22 oktyabr 1980-ci ildə ikiqat mastektomiya əməliyyatı keçirdi. Prosedur onun üçün o qədər ağrılı idi ki, o, növbəti əməliyyat üçün bir il gözləməyə qərar verdi. Nəhayət, David süni kişi cinsiyyət orqanını bərpa etmək üçün bir neçə əməliyyat keçirdi. Bir müddət sonra 22 sentyabr 1990-cı ildə Jane Fontane adlı xanımla evləndi. 

1997-ci ildə məşhur psixiatrlar Milton Diamond və Keith Sigmundson David haqqında elmi jurnalda məqalə nəşr etdilər. Onlar bu məqalədə faktlara əsaslanaraq, Money’in cinsi neytrallıq nəzəriyyəsini və anormal dərəcədə kiçik və ya zərər görmüş penisləri olan körpə oğlan uşaqlarının müntəzəm olaraq cinsi dəyişikliyə məruz qalması barədə fikirlərini tənqid etdilər. 2000-ci ildə David və anası Janet Oprah Winfrey Show verilişinə çıxdı. David veriliş zamanı Oprah’a heç vaxt bir qız rolunu oynamağı sevmədiyini dedi.

Nəticə

2004-cü ildə David və Jane ayrıldı və David 38 yaşında intihar etdi. Bu yerdə cinsi azlıq nümayəndələrinin intihara meyilli olması mövzusuna da toxunmaq lazımdır. Aparılan araşdırmalara görə cinsi azlıq nümayəndələrinin (LGBTQ) intihara cəhd göstərmə ehtimalı normal insanlardan 3,5 dəfə çoxdur. (Ən yüksək göstərici transgenderlərə aiddir: 5,9 dəfə)”9

Moneyin təcrübəsinin uğursuz olmasına baxmayaraq, o, təcrübənin nəticəsini bütün dünyaya yanlış təqdim etməyə davam etdi. Nəticədə, dünyanın bir çox yerində minlərlə körpənin cinsi dəyişdirildi. Şübhəsiz ki, David Reimer kimi bir çox faciəli hekayələr vardır..

Dipnotlar

  1. Simone de Beauvoir, The Second Sex, p 295, (New York, Vintage Books, 1973)
  2. “Feminist Approaches to Theory and Methodology”, The Graduate Consortium in Women’s Studies at Radcliffe, 1999. Oxford, Oxford University Press.
  3. Man & Woman, Boy & Girl, səh 162
  4. Ibid, s. 208
  5. Sexual Signatures: On Being a Man Or A Woman”, səh, 97-98
  6. Elaine Woo, “David Reimer, 38; After Botched Surgery, He Was Raised as a Girl in Gender Experiment,” Los Angeles Times, May 13, 2004, articles.latimes.com/ 2004/may/ 13/ local/ me-reimer13/ 2.
  7. Colapinto, “As Nature Made Him: The Boy Who Was Raised as a Girls.” səh 129
  8. Steven Pinker, The Blank Slate: The Modern Denial of Human Nature (New York:Penguin Books, 2003), 349
  9. Leonard Rappa, Condensed Psychopharmacology, based on a research of Burstein, Agostino & Greenfield about (suicidal attempts and ideation among children and adolescents in US emergency departments from 2007 to 2015