Seksual İnqilabın ardından…

Bu gün çox maraqlı bir faktla tanış olmuşam:
Hugh Hefner heç bir zaman Marilyn Monroe ilə görüşməyib! Hefnerin Monroe üçün siqarət yandırdığı foto isə feykdir. Marilyn Monroe bir çoxumuza məlum olsa da, Hefnerin kim olduğu və nəyə görə onların görüşünün baş verməməsinin təəccüblü olmasını isə yəqin ki, izah etmək lazım olacaq.

Hugh Hefner məşhur amerikalı naşir və Playboy jurnalının təsisçisidir. Jurnalın məşhurlaşmasının əsas səbəblərindən biri 1953-cü ilin dekabrında işıq üzü görən birinci buraxılışında Monroe`nun lüt şəkillərinin olmasıdır. Demək olar ki, Hefner öz imperiyasını bu qadının üzərində qurmağa başlayıb, digərləri ilə isə davam edib. Daha da maraqlısı odur ki, Hefner ona bütün bunları qazandıran qadınla nəinki görüşməyib, hətta şəkillərinə görə ona nə məvacib ödəyib, nə də onun razılığını alıb.

Məsələ burasındadır ki, Playboy jurnalında yer alan şəkillər əslində bir neçə il öncə başqa bir fotoqraf tərəfindən çəkilib. Dörd il öncə Monroe`nun ciddi maddi sıxıntılarından istifadə edən Tom Kelley sadəcə 50 dollara Monroe`nun şəkillərini çəkib. Monroe`nun narahatlığını nəzərə alaraq şəkillərin ona aid olduğunu da gizlədəcəyini söz verib. Hefner bir neçə il sonra bu şəkilləri o fotoqrafdan alır, beləliklə Monroe`ya nə pul vermək, nə də onun razılığını almaq ehtiyacı qalır. Monroe sonradan öz şəkillərinə baxmaq üçün pul verib jurnalın bir nüsxəsini almaq məcburiyyətində qaldığını qeyd etmişdir.

Hefner haqda başqa maraqlı məlumat isə onun həyatı boyu qadınların “cinsi” azadlığını təbliğ etməsi olub. Abortun, kontraseptiv maddələrin leqallaşdırılmasını tələb edib. Təbii ki, bu onun şəxsi maraqlarına da işləyib.

Hefner Monroe`nu cinsi istismar edən yeganə kişi deyil. Onun yaxın rəfiqəsi etdikləri abortlar nəticəsində Monroe`nun reproduktiv orqanlarının tamamilə dağıldığını qeyd edirdi. Böyük ehtimal ki, bütün bunlar onun sadəcə 36 yaşında olarkən intihar etməsinə səbəb olmuşdur. Hefner isə qurduğu imperiya ilə 91 yaşa qədər yaşamış və ölümündən öncə Monroe`nun məzarının yanında özü üçün yer almış və orada basdırılmışdır. Uzun yaşamasına rəğmən Hefnerin özünün yaxşı həyat yaşadığını deyə bilmərik. Ölümündən sonra özünün Playboy villasında baş verən hadisələr üzə çıxmağa başlamış və onların çirkinliyi elə həddə çatmışdır ki, Playboy şirkəti belə öz təsisçisindən uzaq olduqlarını və onun hər hansı fəaliyyətinə görə məsuliyyət daşımadıqlarını rəsmi şəkildə bəyan etmişdir.

Seksual inqilabın ən böyük paradokslarından biri budur ki, qadınların “güclənməsi” adı altında bu sosial dəyişiklik onların daha da çox və asan istismar edilməsinə gətirib çıxarmışdır. Hefner’in yanında olan qadınlardan biri bunu çox gözəl ifadə etmişdir:

“O bir çox qadını inandıra bilmişdir ki, kişilərin həzz alması üçün onların paltarlarını soyunması sadəcə onları daha güclü etmir, üstəlik bu özü-özlüyündə təqdirəlayiq əməldir.”

Əminik ki, Hefner “vagina mənimdir, kimə istəyərəm verərəm” şüarları ilə “güclənən qadınlardan” çox razı qalardı.